7 Dekabr 2018 15:00
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində həmin məsələ ilə bağlı kütləvi informasiya vasitələrindən məlumat aldıqlarını bildirib: “Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi Zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının Sammitində KTMT-nin baş katibi məsələsi müzakirə olunub.

Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə, KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə olan məlumata əsasən tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaq. Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir”.

“Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?” sualına isə H.Hacıyev belə cavab verib: “Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyil. Prezident İlham Əliyevin bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi: “Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.

Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib.

Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.

Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” Azərbaycanın qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər