Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində qalib gələn “Mənim Addımım” blokunun rəhbəri Nikol Paşinyanı təbrik etməməsi təsadüfi deyil.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın bu məsələ ilə bağlı fikirlərini Teleqraf.com-a şərh edərkən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri (AKP MK) Rauf Qurbanov belə deyib.
Partiya rəhbəri hesab edir ki, Paşinyan Putinin Ermənistan rəhbəri kimi görmək istəmədiyi şəxsdir:
“Bir dövlətin seçilmiş prezidentini, yaxud baş nazirini digər dövlətlərin başçıları təbrik edirsə, bununla bilavasitə onun hakimiyyətinin legitimliyini tanımış olurlar. Əgər Putin bu günədək Paşinyanı təbrik etməyibsə, demək, onu Ermənistanın legitim dövlət başçısı kimi qəbul etmir. Hesab edirəm ki, təbrikin gecikməsinin bundan başqa izahı yoxdur”.
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Prezident Vladimir Putinin indiyədək parlament seçkilərinin qalibi Nikol Paşinyanı təbrik etməməsinə aydınlıq gətirib. Erməni jurnalistin Putinin Paşinyanı niyə təbrik etmədiyinə dair ünvanlandığı suala Zaxarovanın cavabı belə olub: “Mənə elə gəlir ki, bu sənə dəfələrlə etiraf etməyini bilə-bilə kişidən onu sevib-sevmədiyini soruşmağa oxşayır”.