2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün məhsuldar il oldu. İl ərzində bir neçə dəfə Azərbaycan və Rusiya prezidentlərinin rəsmi və işgüzar səviyyədə görüşü keçirildi. Azərbaycan prezidenti MDB dövlətləri başçılarının toplantılarında iştirak etdi. Bu və digər çərçivələrdə Rusiya və MDB-nin digər dövlətlərinin başçıları ilə görüşlər keçirildi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin sözlərinə görə, bu il Azərbaycan prezidentinin Rusiyaya səfəri çərçivəsində ikitərəfli əməkdaşlığa dair çoxlu sayda sənədlər imzalandı:
“Bunlar tərəflər arasındakı ticarət dövriyyəsinin həcminin yüksək səviyyə çatdırılmasına imkan verən sənədlərdir. Müəyyən edildi ki, ticarət dövriyyəsinin həcmi hələlik tərəflərdən heç birini qane etmir və bu, yüksək səviyyəyə çatdırılmalıdır.
İl ərzində həm iqtisadi, həm də siyasi baxımdan Rusiya və Azərbaycan arasında keçirilən görüşlərdə hər iki tərəfin nəqliyyat-kommunikasiya xətlərinin istismarı ilə bağlı məsələlər müzakirə olundu. Bu mənada, Şimal-Cənub Dəhlizi, Rusiyadan İrana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müzakirələr getdi. Bunlar da göstərdi ki, bu məsələlərdə də Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma var. Bundan əlavə, Azərbaycan və Rusiya prezidentləri oktyabr ayında Xəzəryanı dövlət başçılarının toplantısında da iştirak etdilər. Burada da Rusiya və Azərbaycan Xəzər dənizinin birgə istifadə edilməsi və regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı eyni mövqedən çıxış etdilər”.
Elşən Manafov hesab edir ki, xarici siyasət məsələsində Azərbaycan regionun digər dövləti olan Gürcüstandan fərqli olaraq, regional təhlükəsizlik faktorunu nəzərə alır:
“Azərbaycan bölgənin digər dövlətlərindən fərqli olaraq, balanslaşdırılmış xarici siyasət yürüdür və buna görə də Qoşulmama Hərəkatının üzvüdür. Düşünürəm ki, bölgənin sabitliyi və təhlükəsizliyi prizmasından Azərbaycanın tutduğu bu mövqe Rusiya ilə yanaşı, digər dövlətlərin maraqlarına cavab verir.
Bizim Rusiya ilə münasibətlərdən əsas gözləntimiz Ermənistan-Azərbaycan münaqişəsinin həllində Moskvanın bizi dəstəkləməsidir. Bununla yanaşı, Rusiyanın Azərbaycandan müəyyən gözləntiləri var. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir. Artıq Azərbaycanın yürütdüyü ağıllı siyasət nəticəsində Ermənistanın hər iki təşkilatda küncə sıxışdırıldığını görürük. Bu, eyni zamanda, Rusiyanın Azərbaycana olan marağından, daha doğrusu, Azərbaycanı bu təşkilatlarda görmək istəyindən irəli gəlir. Rusiyanın fikrincə, Azərbaycanın KTMT və Avrasiya Birliyinə üzv olması, bu təşkilatların beynəlxalq nüfuzunun, iqtisadi potensialının artmasına gətirib çıxaracaq. Buna görə də hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri 2019-cu ildə də yüksələn xətt üzrə inkişaf edəcək”.