Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin müəyyən edilməsi ətrafında müzakirələr uzun müddətdir davam edir. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbs edilməsi ittifaq daxilində qalmaqal yaratdı. Bundan sonra Rusiya prezidentinin də təklifi ilə dönəm rəhbərliyinin Ermənistandan alınaraq, Belarusa verilməsi məsələsi gündəmə gəldi. Bu məsələ müzakirədən sonra səs çoxluğu ilə qəbul edildi.
Bu sözləri Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, yeni baş katibin Belarusdan təyin edilməsi təklifi Ermənistan rəhbərliyi tərəfindən xoş qarşılanmır:
“Baş nazir Nikol Paşinyan Xaçaturovun əvəzinə Ermənistandan başqa bir nümayəndənin təyin olunmasına təkid edir. Lakin bu tələb qəbul olunmadı. Başqa sözlə, Ermənistan bu məsələdə tək qaldı.
Qarabağ münaqişəsində həmin ölkələrin Azərbaycana olan münasibətinə gəlincə, Ermənistan istisna olmaqla, KTMT-yə daxil olan dövlətlərin əksəriyyəti bizim tərəfimizdədir. Həmin dövlətlərin Azərbaycan iqtisadi-siyasi sahədə geniş əməkdaşlığı mövcuddur. KTMT ilə yanaşı, MDB-yə üzv dövlətlərin də əksəriyyəti Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verir. Bunun əsas səbəbi tərəflər arasında inkişaf etmiş diplomatik və iqtisadi münasibətlərdir.
Lukaşenkonun da dediyi kimi, Azərbaycan lazım olan məqamlarda həmin ölkələrə yardım edir. Lakin həmin dövlətlərin özləri də bilirlər ki, Qarabağ münaqişəsinin həllində əsas rolu Rusiya oynayır”.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tələsmədiyini deyən Ramiyə Məmmədova qeyd edib ki, Moskva Minsk qrupu daxilində işləməyə üstünlük verir:
“Münaqişənin ortaya çıxmasının ilk günündən Ermənistan Rusiyadan dəstək görüb. Rusiya isə bu məsələnin həllini uzadır. Sergey Lavrov Bakıda olarkən dedi ki, Rusiya Minsk qrupu daxilində fəaliyyətini davam etdirəcək. Bu, həll prosesinin uzanması ilə yanaşı Rusiyanın münaqişəyə münasibətinin göstəricisidir”.