Nikol Paşinyanın timsalında Ermənistanın yeni hakimiyyəti ilə Qarabağ separatçıları arasında indiyədək olmayan səviyyədə gərginlik hökm sürür.
Teleqraf.com-a açıqlamasında deputat Elman Nəsirov belə deyib.
Deputatın sözlərinə görə, “Qarabağ klanı”nı özünə qarşı təhlükə görən Ermənistan hakimiyyəti bu qüvvəni sıradan çıxarmaq üçün hərəkətə keçib:
“Bu gərginliyin ilk işartısı özünü onda göstərdi ki, Paşinyanın yaxın tərəfdarlarından olan Mikaelyan mitinqlərdən birində dedi ki, Ermənistanda baş vermiş inqilab Dağlıq Qarabağın ələ keçirilməsindən daha önəmlidir. Bu yanaşma Qarabağ separatçılarını yerindən oynatdı. Bundan sonra separatçılar Paşinyan əleyhinə fikirlər səsləndirməyə başladılar.
Paşinyan isə bu il mayın 8-də baş nazir seçildikdən dərhal sonra Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Bununla məlum oldu ki, Qarabağdakı separatçılar Respublikaçı Partiyasını müdafiə edirlər, onların Paşinyanın yanında yer almaq niyyətləri yoxdur.
Beləliklə, Paşinyan özü üçün real təhlükənin hakimiyyətdən devrilmiş qüvvələrdən gələcəyini düşünməyə başladı. Buna görə də, ilk zərbəni onlara endirməyə cəhd etdi”.
Elman Nəsirov “Qarabağ klanı”nın nüfuzlu üzvlərinin həbs edilməsinə də diqqət çəkib: “Bu hücumların nəticəsi olaraq, Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs olundu. İstisna deyil ki, keçmiş prezident Serj Sərkisyan da eyni aqibəti yaşayacaq.
Sərkisyanın qardaşı oğlu Çexiyada (Praqa) həbs edilib. Bako Saakyan da həbs edilsə, buna təəccüblənmək lazım deyil. Qarabağ separatçılarının dekabrın 9-da keçirilmiş parlament seçkilərinə müdaxilədə və digər məsələlərə görə ittiham edilməsi göstərir ki, Paşinyan bu qüvvəni özünə təhlükə sayır və onu zərərsizləşdirməyi qarşısına məqsəd qoyub.
Paşinyan öz hakimiyyətinin müddətini uzatmaq üçün “Qarabağ klanı”nı siyasi arenadan uzaqlaşdırmalıdır, bu da baş verməsə, həmin klanın özü Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq. Buna görə də, yaxın günlərdə Ermənistanın yeni hakimiyyəti ilə “Qarabağ klanı”nın çox amansız mübarizəsinin şahidi ola bilərik”.