16 Yanvar 2019 15:08
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com BDU-nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris mərkəzinin rəhbəri, ermənişünas alim İsmayıl Tanrıverdi ilə müsahibəni təqdim edir:

- Nikol Paşinyanın baş nazir təyin olunmasına erməni cəmiyyətinin, müstəqil ekspertlərin, medianın reaksiyası necədir?

- Ermənistanda parlamentin ilk iclası qeyri-adi hadisələrlə yadda qaldı. Mətbuat həmin iclas barədə karikatura da hazırlayıb. Deputatların masasının üzərində kinder yumurtalar qoyulub, Nikol Paşinyanın dilindən yazılıb ki, stollarda sizin üçün kiçik hədiyyələr hazırlamışam. Biri deyir ayaqyoluna getmək istəyirəm, biri ağlayıb, anasını istəyir.

Parlamentdəki 88 deputat Paşinyanın partiyasından seçilib. Öz müavini Ararat Mirzoyanı parlament sədri seçdirdi, milliyətcə yezidi kürdü olan Knyaz Həsənov onun müavini oldu. Knyaz Həsənov türklərə qarşı çox aqressivdir və onu parlamentə gətirməklə demək istəyirlər ki, çoxmillətliyik, bizdə başqa millətlərə də yer var. Paşinyan tərəfdarı olan deputatlara tövsiyə elədi ki, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarından bir az ehtiyatlı olmaq lazımdır, onların gərginliyə yol açmalarına imkan vermək olmaz. Bu fikir qarşı tərəfdən birmənalı qarşılanmadı və bunu özlərinə təhdid kimi qəbul elədilər.

- Yeri gəlmişkən, Rusiya prezidenti yalnız ötən gün Nikol Paşinyanı təbrik elədi. Buna reaksiya necə oldu?

- Putinin təbriki ilə Paşinyanın Avropa planları iflasa uğradı. Medianın təpkisi bu cürdür. Putini bir neçə dəfə tərifləsə də, Qərbyönlü olduğunu bəyan elədiyinə görə Rusiya prezidenti Paşinyanla ehtiyatlı davranır. Paşinyan Putinin ürəyincə olan lider deyil. Aralarında süni də olsa, yaxınlıq var, amma daxilən bir-birindən çox kənar adamlardır. Putin 100 faiz əmindir ki, geci-tezi Paşinyan Rusiyaya qarşı mənfi hərəkət edəcək. Xarici diaspor Paşinyanı özünə tərəf çəkməyə çalışır. Putini təhqir edən Saqamanyan və Rusiyanın əleyhdarı olan bir neçə nəfəri yüksək postlara çəkib. Son bir həftədə Paşinyanın reytinqi çox aşağı düşüb.

- Buna nə təsir göstərib?

- Ermənistanda ömürlük həbs cəzasına məhkum olan 22 nəfər var. Paşinyan məşhur professor Mixail Ağacanovun oğlu İosifi vəhşicəsinə öldürərək 1996-cı ildən ömürlük həbsdə olan Mher Yenokyanı azad elədi. Maraqlısı budur ki, həbsdən çıxmazdan əvvəl evləndiyi qadını Paşinyan Respublika Nəzarət Komitəsinin sədri qoyub. Bu, böyük vəzifədir. İnsanlar isə Paşinyanın bu addımını birmənalı qarşılamır və tələb edirlər ki, onu yenidən həbsə göndərsin. Professor Ağacanov Paşinyana ultimatum göndərdi ki, yeganə oğlumun qatili ilə bir ölkədə yaşaya bilmərəm, böyük səhvə yol verdin. Həmin məhkum da 2-3 gündür həbsdən çıxıb, müxtəlif bəyanatlar səsləndirir, insanları qıcıqlandırır. Ondan başqa Ermənistanın müdafiə nazirinin keçmiş müavini general Manvel Qriqoryan əleyhinə Eçmiədzin əhalisinin etiraz aksiyasını nəzərə alaraq Paşinyan onun yenidən həbs edilib-edilməməsi məsələsinə baxacağını söyləyib. Bir neçə gün əvvəl isə Qriqoryan Qarabağa gedərək, ağılsız bəyanat verdi, dedi ki, mən başqa respublikaya gedirəm, orada məni heç kəs tuta bilməz, yəni Ermənistan o “ölkə”nin işinə qarışa bilməz. Paşinyanın bu qərarından sonra ermənilərdə belə təəssürat formalaşıb ki, Nikol Paşinyan bir tərəfdən tutub digər yandan buraxır. Eləcə də Serj Sərkisyanın aprel döyüşlərində uğursuzluğuna görə vəzifədən azad etdiyi hərbi kəşfiyyatının rəhbəri, general-mayor Arşak Karapetyanı özünə müşavir təyin elədi. Onun belə addımları ermənilər tərəfindən mənfi qarşılanır. Bir də vaxtilə Sərkisyana qarşı Paşinyanla çiyin-çiyinə mübarizə aparan Edmond Marukyanla aralarında fikir ayrılığı yaranıb.

- Niyə?

- Çünki Paşinyan ölkədə hamının acığı gələn insanları deputatlığa namizəd verdi. Məsələn, ən böyük striptiz klubun rəhbərini, qaynını, dostunu, həkimini, hətta bərbərini deputat seçdirdi. İndidən öz ətrafını seçir. Başa düşür ki, Sərkisyan ətrafında sadiq adamlarla uzun müddət Ermənistana rəhbərlik elədi. Lakin anlamır ki, Sərkisyanın taleyini o özü də yaşaya bilər.

- Paşinyan “Qarabağ klanı” ilə mübarizədə hansı taktikanı seçəcək?

- “Qarabağ klanı”nın Paşinyana qarşı böyük narazılığı formalaşıb. Ermənistanda olan qarabağlıların bir neçəsinin qətli bu nifrəti daha da böyüdüb. 37 yaşlı diş həkimi vardı, İrəvanın mərkəzində asıldı. Ermənistanlılarla Qarabağ erməniləri arasında uçurum yaranmaqdadır. Paşinyanın ümid yeri Bako Saakyandır, yavaş-yavaş onu ələ alıb. Saakyanın Qarabağda başına bir hadisə gəlsə, Qarabağla Ermənistanın münasibəti tamamilə kəsilə bilər.

- Bəs Paşinyanın Saakyandan qurtulmaq istədiyinə dair xəbərlər real deyil?

- Paşinyan Saakyandan qurtulsa, orada elə adamlar rəhbərliyə gələcək ki... Samvel Babayan və bir neçəsi dişlərini qıcayıb Saakyanın başına nə isə bir iş gəlməsini gözləyirlər ki, onun yerinə keçsinlər. Fransa vətəndaşı olan homoseksual ermənini Qarabağda ölümcül döymüşdülər və bu, gərginlik yaratmışdı. Ermənistanlılarla qarabağlı ermənilər arasında gərginliyi yatırmaq üçün bəyanat yayıldı ki, Qarabağda döyülməyib. Amma özü açıq şəkildə demişdi ki, məni Qarabağda bu hala salıblar, gözü-başı qan içindəydi, şişmişdi.

- Sabiq prezident Robert Köçəryanın taleyi necə olacaq?

- Erməni müxalifətinin dediyinə görə, Köçəryan tutulandan sonra Putin Paşinyanı çağırıb ona azadlığa buraxılması üçün şərt qoyub. Sərhəddən hərbçilərin geri çəkilməsi, qazın qiymətinin artırılması və sair kimi şərtlər irəli sürüb. Əks təqdirdə Ermənistan məhvə məhkum olacaqdı, ona görə də Paşinyan müvəqqəti olsa da, Putinin dediyi ilə razılaşıb. O, bəhanə gətirib ki, onlarda guya məhkəmə azaddır və onun həbsindən xəbəri yoxdur. Təbii ki, yalan danışırdı. Paşinyan Moskvadan qayıdandan sonra prokurorluq və məhkəmə instansiyaları ilə danışıqlar aparıb. Onlar isə cavabında Köçəryanı həbs edib buraxdıqca xalqın gözündən düşdüklərini söyləyiblər və sonda belə qərara gəliblər ki, hələlik Köçəryanın apellyasiya məhkəməsi təxirə salınsın. Köçəryan belə bir fikir söylədi ki, Ermənistanda ömürlük həbs olunanlar azad olunur, amma ölkəyə 10 il xidmət edən bir şəxs həbsdədir, belə hakimiyyətlə yola getmək olmaz. Köçəryanın oğlu da milyarderdir və xaricdən Paşinyana təhdid mesajları göndərir ki, heyfimi çıxacağam. Bu arada keçmiş müdafiə naziri Seyran Ohanyan da məhkəməyə verilib.

- Köçəryan həbsdən çıxandan sonra Serj Sərkisyanla birgə Paşinyana qarşı hərəkətə keçə bilər?

- Çarukyanla edə bilər, amma Sərkisyanla inanmıram. Sərkisyanın savadsızlığı və Qarabağ müharibəsində qəddarlığı ilə tanınan Şmays adlı köməkçisi elan edib ki, ailəsi ilə bir yerdə ABŞ-a köçüb. Sərkisyanın özünün də xaricə getməsi an məsələsidir. Düzdür, bu yaxınlarda Ermənistanda şirkət açdı, amma qardaşları ilə bilikdə xaricə köçmək niyyətindədir. Camaat onun da, Levon Ter-Petrosyanın da həbsini tələb edir. Ermənistanda vəziyyət çox qarışıq və anlaşılmazdır. Paşinyan komik aktyor Ayk Marutyanı İrəvan meri seçdi, xalq arasında onun barəsində məzəli lətifələr yayılıb. İki gün əvvəl İrəvanı zibil basdığına görə Paşinyan merin yanına gedib açıq şəkildə deyib ki, işindən razı deyiləm. Əvvəlki mer Taron Markaryan isə büdcəyə böyük ziyan vurub xaricə qaçıb, hazırda İrəvanın mərkəzindəki villasında anası yaşayır.

- Diaspor Nazirliyinin ləğvi nəyə hesablanıb?

- Xaricdən diaspora verilən pullar sağa-sola xərclənmişdi. Diaspor nazirliyinin rəhbəri xaricdəki diaspor rəhbərləri ilə görüşdə səhv fikirlər səsləndirmişdi. Onlar da deyiblər ki, bizə belə kadr lazım deyil. Sanki küçədən keçən adam idi, danışığını bilməyib, diaspor üzvləri ilə dil tapmayıb. İclasdan mədəni surətdə qovulmuşdu. Paşinyan qarşısında tələb qoyuldu ki, ya nazirliyi ləğv elə, ya da bizə beləsi lazım deyil. Hələ Sərkisyanın vaxtında 90-a yaxın yaşı olan milyarder İrəvana gəlib demişdi ki, ABŞ-da diaspor üzvü olaraq Ermənistana 32 milyon dollar pul göndərmişəm, bu pulun hara xərcləndiyini öyrənmək istəyirəm. 7-8 gün heç kəs ona cavab vermədi. Axırda televiziyadan xalqa müraciət elədi. Ondan sonra prokurorluq yoxlama aparıb yekun məlumat yaydı ki, Serjin qardaşı Saşik pulları Ermənistana çatdırmayıb, Moskva ətrafında özünə villalar saldırıb. Ötən ilin noyabrında ənənəvi televiziya ilə canlı yayımda yardım kampaniyasında yığılan pulun məbləği əvvəlki illərlə müqayisədə az oldu, çünki pulun böyük qismi başqa məqsədlərə xərclənirdi. Belə əsaslandırıldı ki, diaspor üzvləri Paşinyan hakimiyyətinə də inanmırlar və ona görə də pul göndərmək istəmirlər.

- Hərbçilərin Paşinyana münasibəti necədir?

- Sərkisyanın dövrünə nisbətən Paşinyan hərbçilərin qida rasionunu qaldırıb, ancaq maaşlarda artım yoxdur. Yeni qərar çıxardı, İrəvanda olan polislər 15 gündən bir növbə ilə hərbçi kimi gedib sərhəddə qulluq etməlidir. Azərbaycanın Sərhəd Qoşunları Qazax istiqamətində bir neçə qrup yerləşdirəndən sonra ermənilər qorxuya düşdü və əks addım kimi İrəvanda qulluq edən polislər maaşları artırılmamaq şərti ilə 15 gün sərhəddə qulluğa göndərildi. Bu qərar polislər tərəfindən etirazla qarşılanıb. 100-dən çox polis bundan imtina edərək ərizə yazıb işdən çıxdıqlarını bildiriblər. Deyirlər ki, Moskvada fəhlə kimi işləmək İrəvanda polis işləməkdən yaxşıdır.

- Paşinyanın oğlu indi Qarabağdadır?

- Paşinyanın oğlu hazırda evindədir, 3-4 gündür məzuniyyətə gəlib. Xankəndində kirayə tutub, Müdafiə naziri David Tonoyanın oğlu ilə birgə qalır. Bir neçə dəfə fotolar yaydılar ki, guya cəbhə bölgəsindədir, əsgərlərlə maşının üstündə idi. Aydın məsələdir, piar üçün idi, Paşinyan razılaşarmı oğlu cəbhədə qulluq eləsin?


Müəllif: Nərgiz Ehlamqızı