24 Yanvar 2019 09:21
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev və erməni Baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş barədə Ermənistanda ajiotaj yaranıb. Amma hesab edirəm ki, ermənilərin bu səs-küyünə inanmaq lazım deyil”.

Bu sözləri Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Politoloqun qənaətinə görə, Ermənistanda yaranmış ajiotaj və İrəvandan verilən açıqlamalar siyasi məqsəd daşıyır:

“Nikol Paşinyanın “təslimçi sülhə” hazırlaşması barədə ittihamlar irəli sürürlər. Əminəm ki, bunun arxasında Ermənistan daxilində Paşinyana düşmən münasibətdə olan qüvvələr dayanır. Bu baxımdan demək olar ki, Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı ciddi anlaşma yoxdur. Yaxın müddətdə belə bir anlaşmanın olacağı gözlənilmir.

Çünki münaqişə tərəfləri narazı salan əsas məsələlərin həllində yaxınlaşma hiss olunmur. Yaxın gələcəkdə bu yaxınlaşmanın olacağı ehtimalı yüksək deyil. Çünki Ermənistan daxilində Paşinyana qarşı olan qüvvələr hələ də güclüdür. Həmin qüvvələrin böyük maliyyə və texniki imkanları var. Buna görə düşünmürəm ki, Paşinyan belə bir vəziyyətdə güzəştlərə gedə bilsin. Sadəcə olaraq belə təmasları Paşinyanın vaxt qazanmaq axtarışları kimi qəbul etmək lazımdır”.

Natiq Mirinin sözlərinə görə, Paşinyan başa düşür ki, hazırkı situasiyada Ermənistan iqtisadiyyatını dirçəltmək üçün dciddi maliyyə resursları lazımdır:

“Eyni zamanda, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək də Paşinyan üçün vacib məsələdir. Paşinyanın Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində yaşayan ermənilərlə bu barədə ciddi fikir ayrılıqları var. Keçmiş “Qarabağ klanı” və separatçılar, yaxud Moskvaya bağlı siyasi qüvvələr Ermənistan baş nazirinə ciddi problemlər yarada bilərlər.

Başqa sözlə, bu problemlərin olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsinin həll prosesində müsbət irəliləyiş olacağını düşünmürəm. Bu səbəbdən Davos görüşü ətrafında Ermənistanda yaradılmış ajiotajı süni olaraq qəbul etmək lazımdır”.

Qeyd edək ki, Ermənistan KİV-də Davosda Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş haqda ilginc iddialar yayılıb.

Erməni mediasının iddiasına görə, liderlər arasında keçirilmiş gözlənilməz görüşdə Paşinyan Azərbaycan prezidenti ilə təslimçi sülhə getmək barədə razılaşma əldə edib. Erməni ekspertlərin dilindən səsləndirilən bu iddia “Paşinyan Qarabağı Azərbaycana qaytarır” ehtimalının yayılmasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu