1 Fevral 2019 20:13
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı Zahid Orucla müsahibəni təqdim edir:

- ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan, Gürcüstan və Ermənistana səfərindən müəyyən müddət sonra bu ölkələrin rəhbərləri ilə telefon danışığı oldu. ABŞ-ın Cənubi Qafqaza marağının artması nəyə hesablanıb?
- ABŞ-ın Cənubi Qafqaza marağı SSRİ-nin dağılması ilə formalaşıb. Birləşmiş Ştatlar regiona yetərincə investiyalara qoyaraq bu bölgədə öz strateji planlarına dayaqlar hazırlayırdı. Əks halda yalnız siyasət və ikinci-üçüncü dövlətlərin əli ilə bölgənin həyatında iştirak etmək xətti seçilərdi ki, bu zaman ABŞ-ın Cənubi Qafqaza xüsusi istəyi yoxdur, regionunda əsasən Rusiya, iran və Türkiyənin mövqeləri ilə hesablaşmasının fərqində olardıq. Reallıqda isə Azərbaycanla, 2000-ci illərdən sonra Gürcüstanla aparılan fəal işlər bölgənin geopolitikasını dəyişdirdi, həmçinin iqtisadi resurslarının Qərblə işləməsinə yol açdı, mühüm transmilli layihələr ABŞ-ın bu prosesdə iştirakı hesabına həyata keçirildi.

Əks halda nələrin baş verə biləcəyini təsəvvür etmək çətin deyil. Bölgəni 200 il ərzində öz təsirində saxlamaq istəyən qüvvələr heç zaman Avroatlantik məkanı təmsil edən ən güclü dövlətin neft və qaz resursları ilə çulğaşıb ətrafında özünə geniş tərəfdarlar qazanmasını arzulamazdılar. Lakin Barak Obama dövründə Qafqaz ABŞ üçün ikinci sırada yer aldı, sonrakı illərdə bu aktivlik bir qədər də söndü və ən nəhayətdə nəinki təşəbbüskar mövqelərin şahidi olduq, sanki ABŞ bölgəni buraxıb çıxıb getmiş kimi görünürdü.

Con Boltonun regiona səfəri fonunda indi artıq telefon danışıqları ictimailəşib və Qafqaz ölkələri ilə Amerikanın yeni siyasət başlatmaq istədiyi görünür. Yəqin birinci növbədə Ağ Evdən Dağlıq Qarabağ məsələsi ilə bağlı müəyyən təkliflər meydana gələcək.

- Nə kimi təkliflər?
- ABŞ nə Ermənistanı, nə Azərbaycanın tərəfini tutmadan, ələlxüsus Rusiyanın mövqeyini sıxışdıracaq hansısa planlar üzərində bölgə dövlətlərini özlərinə tərəf çəkməyə çalışacaq. Danışıqların intensivləşəcəyini gözləyirəm. Böyük ehtimalla ABŞ-da Nikol Paşinyan və İlham Əliyev görüşünün keçirilməsini arzulayacaqlar və guya bu yöndə addımlar da atıldı. 2000-ci illərin əvvəllərində Corc Buş dönəmində, Kolin Paulenin dövlət katibliyi illərində Küveytdə məlum danışıqlar aparılmışdı, ABŞ sonrakı illərdə prosesin bir qədər də məntiqi sonluğuna çatdırmaq üçün təşəbbüslərini İstanbulda və digər ərazilərdə ATƏT-in çərçivəsində gücləndirmək istədi. Ancaq çoxdandır belə bir fəaliyyəti görmürük. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, Amerika İrana qarşı istəklərini bir qədər də arqumentləşdirir və sərtləşmə xətti güclənəcək. Buna görə də çalışırlar ki, arxa cəbhəni belə demək mümkünsə möhkəmlətsinlər.

- Nəyin hesabına?
- İstər Ermənistan, istər Gürcüstan, istərsə də Azərbaycanda elə zəmanətli vəziyyət əldə etməyə çalışırlar ki, İranın mövqeləri hansısa formada zəiflədilsin.

- Bəs bu üç ölkənin reaksiyası necə olacaq?
- Tbilisinin də, Bakının da, İrəvanın da bununla bağlı fərqli mövqelər olacaq. Çünki münasibətlər dərəcəsinə görə hər bir dövlət bu illər ərzində özünün müstəqil iradəsini formalaşdırmaqla yanaşı fərqli iqtisadi-siyasi durumdadırlar. İrəvan tərəfindən buna getmək o qədər də asan olmayacaq. Məsələnin ən önəmli tərəflərindən biri ondan ibarətdir ki, şübhəsiz ABŞ bir tərəfdən də bölgəni yalnız Türkiyə və Rusiyanın aktiv dominantlığı altında da görmək istəmir.

Hər iki tərəfdən bərabər dərəcədə onları uzaqlaşdıraraq regionu öz təsir dairəsinə qaytarmağa çalışır. Gördüyünüz kimi bu, o qədər asan deyil. Tramp administrasiyası özünün 3-cü ilə qədəm qoyan hakimiyyəti dövründə daha çox oval kabinet ətrafında səngər quraraq daxildəki rəqibləri ilə mübarizədə keçirir. Son illər sanki ABŞ-ın qlobal liderliyi bir qədər ən azı coğrafi miqyas üzrə azalıb, müəyyən geriçəkilmələr var. Ona görə də Azərbaycan realistcəsinə bu prosesi izləyir və Prezident İlham Əliyevi xarakterizə edən ən mühüm keyfiyyət onun liderliyinin məhz bu cür praqmatik əsaslara bağlanmasıdır.

Bölgəsəl siyasətdə ölkə rəhbərinin diqqətindən heç bir məsələ yayınmır. O biri tərəfdən bizi müxtəlif maraq axınlarının toqquşmasına çevirməməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın müəyyən istəkləri var, hər halda bu, qarşıdakı dövrdə plan qovluqlarından işə keçəcək, onda daha realist rəylər vermək mümkün olacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyanın İrana fevralın 27-də səfəri nəzərdə tutulub. Bu səfərin rəsmi İrəvanla Vaşinqton münasibətlərinə hansı təsiri olacaq?
- Faktiki olaraq daxildə həm tərəfdarları, həm də rəqibləri Paşinyanı siyasi dalana dirəməyə çalışır. Çünki o, ölkə daxilində istər hökumətdə, istərsə də parlamentdə nə qədər böyük dəyişiklik aparsa da, reallıq odur ki, xarici siyasət kursu Sərkisyan dövrü ilə oxşar olaraq qalmaqda davam edir. Halbuki inqilabın nəticələrini xarici siyasətdə görmək istəyirlər. Xüsusilə çalışırlar ki, Saakaşvilinin obrazını müəyyən qədər yamsılasınlar. Hərçənd fərqli miqyaslı insanlardan söhbət gedir, həm ideoloji gücünə, həm oratorluq qabiliyyətinə, həm də beynəlxalq aləmdə nüfuzuna görə Saakaşvili tamam ayrı bir fenomen idi.

Hökumət çevrəsindən qaynaqlanan media “Qərbyönümlü kurs seç, Rusiya və İrandan uzaqlaş, Ermənistanın NATO-ya üzvlüyü reallaşsın, Avropa Birliyi bizə on milyardlarla avro kömək etsin, yüzillik təbəçilindən çıxmaq üçün fürsətdir” kimi ictimai mühiti formalaşdırmağa çalışır, məlum informasiyaları tirajlayır. Paşinyan çox yaxşı dərk edir ki, nazik xəttin üstündə hərəkət edir. Kiçicik bir addım onun siyasi iflasına səbəb ola bilər. Çünki ölkədaxili vəziyyət onsuzda yaxşı deyil, digər yanda inqilab siyasətdə, beyinlərdə, hökumət təyinatlarında nə qədər asandırsa, bir o qədər iqtisadiyyatda nəticə verməsi zaman tələb edir, bu isə yaxın perspektivdə hələ görünmür.

Əksinə bilirlər ki, Moskvadan gələn yardımların alternativi yoxdur, əvəzində Qərb də arzuolunan səviyyədə kömək eləmir, çünki onlar da reveransları qəbul etmir. Paşinyan bu səfərlərlə müəyyən balans yaratdığını göstərməyə çalışır. Ancaq üzü Brüsselə, Berlinə və Vaşinqtona yön almağa daha çox meyllidir. Sonuncu dəfə Rusiyaya səfər zamanı onu Dmitri Medvedyev qəbul etdi. Buna görə onun ən qatı tərəfdarları erməni mediasında yazdılar ki, liderimizə bu, yaxşı olur, hadisələrin sonu buna gətirib çıxarmalı idi, çünki Rusiya ilə yaxınlaşma xətti Qərbdən sanksiyalar alan, dünyaya dominantlıq ideyası ilə qayıtmağa çalışan Putindən üz döndərməli olduğu halda ona can atırdı, əvəzində Rusiya prezidenti onu hətta diplomatik nəzarət naminə 5-cə dəqiqə də olsa qəbul etmədi, onu baş nazirə yönəltdi.

Belə bir şəraitdə Paşinyan üçün siyasi çıxılmazlıqlar həddən artıq çoxdur. O., yaxşı dərk edir ki, ən azı virtual məkana gündəlik verdiyi hesabatlarda dediyi kimi ermənilər üçün yaxşı yaşayış məkanı düzəltmək istəyirsə, üzərində daşınan yüzillik siyasətdə köklü yeniliklərə getməlidir. Türkiyə ilə münasibətləri düzəltməli, Azərbaycanla güzəştli formullar axtarmalıdır və sair. Acizliyin görün necə miqyasıdır ki, Ermənistandan iri neft-qaz layihələri xətlərinin keçmədiyi etirafında bulunur.

Bölgədə müəyyən dəyişikliklər var. Bu tendensiyaları görməmək mümkün deyil. Avropa Birliyin də “Breksit” hadisəsindən sonra bir qədər fəallaşmağa çalışacaq. Ona görə də yekun etibarilə bu siyasət vadar edir ki, Vaşiqnton tərəfindən bu addımlar atılır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər