“Bu, Ermənistandakı QHT-lərin Corc Soros tərəfindən idarə olunduğunu sübuta yetirən bir faktordur. Bu da heç kəsə sirr deyil”.
Amerikalı milyarder Corc Sorosun Ermənistanla bağlı açıqlamasını Teleqraf.com-a şərh edən politoloq Elçin Mirzəbəyli belə deyib.
Ekspert keçən il Ermənistanda hakimiyyət dəyişikliyi ilə yadda qalmış prosesdə Sorosa bağlı təşkilatların iştirakına da diqqət çəkib:
“Nikol Paşinyanla bağlı prosesdə də Ermənistandakı Soros tərəfdarları aktiv şəkildə iştirak etmişdilər. Paşinyanın özünün də Sorosun Açıq Cəmiyyət İnstitutu ilə ciddi əlaqələrinin olduğu, kadrlarının da bilavasitə Soros Fondunun həyata keçirdiyi layihələrdə yer aldığı heç kəsə sirr deyil. Bu baxımdan, Corc Sorosun müraciətində qeyri-adi heç nə görmürəm. Çünki Ermənistanda fəaliyyət göstərən QHT-lərin haradan maliyyələşdiyi göz qabağındadır.
Amma bu prosesə diqqət yetirəcək əsas ölkə Azərbaycan deyil. Düşünürəm ki, Sorosla bağlı məsələlərin hansı istiqamətə doğru yönələcəyini, son nəticədə hansı məqamların üzə çıxacağını başa düşən region dövlətləri var. Bu baxımdan, regionun digər dövlətləri bu prosesə daha aktiv münasibət bildirməlidir”.
Qeyd edək ki, amerikalı milyarder Corc Soros Ermənistanda fəaliyyət göstərən QHT-lərə müraciət edib. O, müraciətində bu təşkilatların ölkə daxilində demokratiyanın inkişafında fəal olmağa çağırıb.
Əlavə edək ki, Corc Soros ayrı-ayrı vaxtlarda Ukrayna, Qırğızıstan, Gürcüstan və digər ölkələrdə baş vermiş hakimiyyət çevrilişlərini maliyyələşdirməkdə ittiham olunub.