“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təsadüfi prosesin ortaya çıxdığına inanmıram. Burada təsadüf yox, zərurət daha çox səciyyəvidir. Azərbaycan ərazilərinə təcavüz edilib, həmin bölgələrdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insanın haqları pozulub. İndi bu haqların bərpa edilməsi tarixi zərurətdir. Buna görə də münaqişənin həlli prosesinin gah səngiməsi, gah da fəallaşması müəyyən qanunauyğunluqlar üzrə baş verir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, zaman-zaman bir dövlət prosesi fəallaşdırır, bir başqa dövlət isə öz strateji maraqları naminə bunu əngəlləyir:
“Ermənistan isə müstəqil dövlət deyil, həmişə özünə ağa axtarıb. Artıq axtardığı ağanı tapıb. İndi isə Ermənistanın bir yox, bir neçə ağası var. Bu ağalardan bir qismi də dünyada yeni düzənin formalaşmasını istəyir və buna görə də prosesə aktiv formada müdaxilə edir. ABŞ və Avropa dövlətlərinin bir qismini bura aid edirəm.
Amma elə dövlətlər də var ki, həmişə imperiya ədaları ilə yaşayırlar. Onlar kiçik dövlətləri öz əsarətləri altına almağa çalışırlar. Düzdür, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, amma bu ölkədəki ab-havaya müsbət təsir etmədi. Köçəryan və Sərkisyan da işğalçılıqdan və qaniçənlikdən həzz alan rejimlər idi, demokrat pərdəsinə bürünmüş Paşinyan da elədir. Hətta Paşinyan millətçi baxışlarına görə sələflərindən daha irəlidədir. Paşinyan demək olar ki, Ermənistanın işğalçı olmasını qəbul etmir. O, Dağlıq Qarabağın vur-tut 2000-2500 əsgəri olan separatçı rejimin nəzarəti altında olduğunu iddia edir və qeyd edir ki, Ermənistan həmin separatçıların adından danışmaq hüququna malik deyil.
Separatçı rejim yox, Ermənistan ordusu olsun, Rusiyanın dəstəyi olmadan Azərbaycanın bir rayonunu da işğal edə bilməzdi. Ermənistanın ağası olmasaydı, həmin separatçıları gəldikləri yerə qədər qovardıq. Amma 1990-cı illər Rusiyasının başıpozuq liderinin göstərişi ilə Azərbaycan əraziləri işğal edildi. Ermənistan bu işğalı həmin Rusiyanın köməyi ilə qoruyub-saxlaya bildi”.
Qabil Hüseynli bildirib ki, Paşinyan oğlunun Qarabağda hərbi xidmətdə olmasından qürur duyur və bunu media vasitəsilə gündəmdə saxlayır:
“Başqa vaxt isə bu avantürist adam Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmək istəmir. Bəs onda oğlunu bura göndərib hansı çirkin niyyətini göstərirsən?
Bir müddət əvvəl başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri münaqişənin həlli prosesində aktivlik yaratmağa çalışdılar. Əlbəttə, onların da bu məsələdə strateji maraqları var. Bu baxımdan da Rusiyaya qarşı müəyyən tədbirlərin görülməsinin tərəfdarıdırlar. Çünki Rusiyanın xəstə ambisiyası onları da təhdid edir. Bu səbəbdən də Qərb post-sovet məkanındakı münaqişələri həll etmək istəyir, bununla da Rusiyanın ambisiyasını səngitmək niyyətindədir. Bu ovqatla da Qarabağ prosesinə daxil oldular. Amma Rusiya həmişə olduğu kimi, bu dəfə də müsbət prosesə dərhal müdaxilə etdi. Buna görə də bu prosesin tələsik ortaya çıxdığını, konkret nəticəyə hesablanmadığını və özünün münaqişənin həlli ilə ciddi-cəhdlə məşğul olacağını bildirdi. Bunları İrəvanda xarici işlər nazirinin müavini Karasin də dedi. Karasin dedi ki, Rusiya danışıqları substantiv xarakterli etmək istəyir. Nəticədə danışıqlar prosesinə əngəl ola bildilər. Paşinyan isə indiyədək dediklərinə zidd olan davranışlar sərgiləyir. Bütün bunlar da danışıqlar prosesinə əngəl olmaq üçün sifariş edilib”.