“Türkiyə ilə Yunanıstan arasında son illərdə gərgin siyasi böhran yaşanmasına baxmayaraq, siyasi əlaqələrin normallaşması istiqamətində irəliləyiş nəzərə çarpır”.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Yunanıstanın baş naziri Aleksis Tsiprasın Ankaraya səfərində əsasən bu ölkəyə sığınmış FETÖ üzvlərinin ekstradisiyası, PKK terror təşkilatına dəstəyin kəsilməsi, Egey dənizindəki adalarda yaşanan hərbi gərginlik kimi məsələlər müzakirə edilib:
“Tərəflərin ilk görüşdə razılığa gəlməsi mümkün olmasa da, bu səfəri dövlətlərarası münasibətlərdə normallaşma prosesinin başlanğıcı saymaq olar”.
M.Əsədullazadə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla əlaqələri normal əməkdaşlıq səviyyəsinə gətirmək istəyir: “Zənnimcə, Afina da buna gedə bilər. Amma Yunanıstan Türkiyəyə qarşı Qərbin əlində təzyiq vasitəsi olmaqdan əl çəkmək istəmir. Baxmayaraq ki, yunan liderləri mütəmadi Türkiyəyə səfər edib, mülayim mesajlar verirlər. Bu mülayim mesajlarla isə yalnız dövlətlərarası münasibətləri normal məcrada saxlamağa nail olunub. Baş nazir Tsiprasın səfərinin problemlərin həll edilməsi istiqamətində uğurlu olmayacağını güman etmək olar”.
Qeyd edək ki, Yunanıstanın baş naziri A.Tsipras fevralın 6-7-də Türkiyəyə səfər edib. Səfər Türkiyə Prezidenti R.T.Ərdoğanın dəvəti ilə gerçəkləşib.