13 Fevral 2019 14:50
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev Real TV-yə müsahibəsində ordu quruculuğuna, müdafiə, təhlükəsizlik məsələlərinə, təmas xəttində olan vəziyyətə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə toxundu, aprel döyüşləri, Naxçıvan əməliyyatı xatırladıldı. Ölkə başçısı mesajlarında həm düşmən tərəfə, həm də beynəlxalq qurumların nəzərinə çatdırdı ki, biz bir qarış da olsun torpağımızı düşməndə qoymayacağıq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, beynəlxalq təşkilatlar və həmsədrlərin ciddi təkidi və xahişi ilə hələ ki, danışıqlar prosesi gedir:

“Gedişatdan belə görünür ki, Ermənistanın indiki siyasi rəhbərliyi əvvəlkilərin səhvlərindən düzgün nəticə çıxara bilmir. Bunlar da Paşinyanın şəxsində sərsəm bəyanatlar verməklə, həqiqətə uyğun olmayan fikirlər söyləməklə məşğuldurlar. Ermənistanda bugünkü vəziyyət məlumdur, orada etiraz dalğası səngimir, iqtisadi cəhətdən günü-gündən zəifləyir və daha pis vəziyyətə düşür, orduda özbaşınalıq, cinayətkarlıq, intihar, ölüm hadisələri, qarşıdurmalar güclənir. Belə vəziyyətdə təbii ki, Ermənistan heç bir cəhətdən Azərbaycanla qarşı-qarşıya gələ bilməz. Dövlətimizlə müqayisədə Ermənistan istər iqtisadi, istərsə də hərbi, idarəolunma, daxili sabitlik istiqamətində çox acizdir. Ermənistanın siyasi rəhbərliyinin yeganə çıxış yolu Azərbaycanla qonşuluq münasibətlərini normallaşdırmaqdır. Ermənistan qeyd-şərtsiz torpaqlarımızdan çəkilib getməli, bütün silahlı birləşmələri ərazimizdən çıxarmalı, qeyri-qanuni qurumlar ləğv edilməlidir, yəni Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bunu ya Ermənistan rəhbərliyi vəziyyətdən nəticə çıxarıb etməlidir, ya da bunu Azərbaycan ordusu edəcək”.

Elman Məmmədovun fikrincə, Azərbaycan nəticə verməyən danışıqlara, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə hərbi gücündən istifadə etmək məcburiyyətində qalacaq:

“Torpaqlarımızda Ermənistanın və başqa terrorçu, separatçı qrupları süpürüb çıxaracağıq. Bu, birmənalıdır. Cənab prezidentimiz müsahibəsində bütün bunları bir daha diqqətə çatdırdı, vurğuladı ki, torpaqlarımızı işğaldan azad edəcəyik, qoy Ermənistan və onun havadarları, beynəlxalq qurumlar nəticə çıxarsınlar. Vaxt qazanmaqla, nəyəsə nail olmaq istəyirlərsə, səhv edirlər, bunlar xam xəyallardır”.

Millət vəkili vurğulayıb ki, bu illər ərzində hərbi gücümüzdən istifadə edib ərazimizi terrorçulardan, işğalçılardan azad etmək üçün hüquqi sənədlər toplusu var, baza da yaradılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər