15 Fevral 2019 14:19
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət, cəmiyyət, biznes, vətəndaş maraqları arasında harmoniyanı təmin edən sistemlər hər zaman uğur qazanır. Son illər Azərbaycanda bu harmoniyanın yaranması üçün əlavə səylərə ehtiyac yaranmışdı. Xüsusən, iki devalvasiya bu tarazlığı biznes və hökumətin xeyrinə pozmuşdu”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi analitik Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, dövlət qurumları və biznesə dəyən ziyan, onların üzləşdikləri çətinliklərin bir çoxu hökumətin resursları hesabına həll edildi:

“Hətta hökumət bank sektoruna da dəstək verdi. Hüquqi müstəvidə banklar qalib gəldi, amma hökumət də onların vətəndaşlara, biznesə təzyiqini müəyyən həddə saxlaya bildi. Son illər biznes sektoru böyük güzəştlər əldə etdi. İş adamlarına da yardımlar olundu.

Şübhəsiz ki, bütün bunlar makroiqtisadi sabitlik, inkişaf üçün potensial yaradılmasından ötrü zəruriydi. Hökumət yığım mexanizmlərini təkmilləşdirərək, cərimə və rüsumları artıraraq maliyyə imkanlarını da yaxşılaşdırdı. “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirləri hökumətə əlavə gəlirlər əldə etməyə imkan yaratdı.

Amma bütün bunların baş verdiyi son 4 ildə vətəndaşlar kəmər sıxmalı oldular. Cəmiyyət, əhali də bu tədbirləri anlayışla qarşıladı. Amma proses bu qədər uzanmamalıydı.

İndi növbə vətəndaşındır. Prezidentin təşəbbüsləri də məhz vətəndaşa yönəlib. Sosial müdafiə tədbirlərinin güclənməsi və əhatəsinin genişlənməsi, əhalinin gəlirlərinin yüksəlməsi üçün atılan addımlar indi biznes, hökumət səviyyəsində anlayışla qarşılanmalı, dəstəklənməlidir. İndi hökumət resurları daha çox vətəndaşa doğru istiqamətlənməlidir. Son 4 ildə yaralarını sağaldan biznes, hökumət öz kisəsindən xərcləməlidir.

İqtisadi prosesləri tənzimləyən dövlət qurumları isə elə qərarlar verməlidirlər ki, həm inflyasiyaya nəzarət itməsin, həm də əhalinin gəlirlərinin artırılması üzrə tədbirlər davamlı, ardıcıl olsun. Prezident məhz bunun mesajını verdi və müvafiq təşəbbüslər etdi”.

Zaur İbrahimli qeyd edib ki, dövlət orqanları, biznes sektoru öz üzərinə əlavə məsuliyyət götürməlidir: “Növbə vətəndaşlara çatdı. 4 il anlayış göstərən vətəndaşlarımız buna layiqdir və hökumət strukturları vətəndaşların yükünün azalması üçün ən yaxşı həll yolları tapmalıdır.

İndi hökumət xərclərinə qənaət etməlidir, məmurlar daha çox işləməlidir. İndi hökumət həmişəkindən xeyirxah, saxavətli və humanist olmalıdır. Aqressiya və biədəb davranışlara ən adekvat cavab elə budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər