15 Fevral 2019 14:33
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Soçidə keçirilən Rusiya, Türkiyə və İran prezidentlərinin zirvə görüşündə əsas müzakirə mövzusu Suriyanın gələcək taleyi, xüsusilə İdlib bölgəsindəki vəziyyət oldu. Əvvəldən gözlənildiyi kimi, bu görüşdə də ciddi irəliləyiş əldə etmək mümkün olmadı. Çünki hər üç ölkənin regionla bağlı öz maraqları var və bu maraqlar heç də üst-üstə düşmür.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Rusif Məmmədov deyib.

O qeyd edib ki, Rusiya sərhədlərinə yaxın bölgələrdə baş verən bütün münaqişələrdə söz sahibi olmaq və son söz deyən bir ölkə kimi nüfuzunu qorumaq istəyir. Lakin bu zaman ABŞ-la qarşı-qarşıya gəlir:

“Belə olan təqdirdə Türkiyə ilə müttəfiqlik ön plana çıxır. Rusiya-Türkiyə münasibətləri hazırda artan xətt üzrə inkişaf etməkdədir. İki ölkənin münasibətlərində son illərdə irəliyə doğru xeyli məsafə qət edilib. Rusiya Türkiyədə atom elektrik stansiyasının inşasına başlayıb. Bura S-400 hava hücumundan müdafiə sisteminin alınmasını və İdlibdə birgə fəaliyyəti də aid edə bilərik”.

Türkiyənin mövqeyinə gəldikdə isə R.Məmmədov bildirib ki, Ankara qonşu ölkədə sabitliyin bərpa edilməsinə çalışır:

“Uzun illərdir terrorla mübarizə aparan Türkiyə bölgədəki bütün terror qruplaşmalarını təmizləyərək, sərhədləri boyunca təhlükəsiz zona yaratmaq istəyir. Bundan əlavə Suriyada növbəti çaxnaşma Türkiyəni yenidən qaçqın axını ilə üz-üzə qoyacaq ki, bu da Ankara üçün daxili problemlər yaradacaq. Bu səbəbdən Türkiyə sərhədinə yaxın əraziləri terrorçulardan təmizləməyə çalışır. Həmin ərazilərə misal olaraq Menbiç və İdlibi göstərə bilərik. Suriyada vəziyyət çox qarışıqdır. Ölkənin şimal hissəsində yerləşən Menbiçdə nəzarət ABŞ-a, qərbində yerləşən İdlibdə isə Rusiyaya məxsusdur. Bu səbəbdən Türkiyə hər iki cəbhədə mübarizə apararaq nəticə əldə etmək istəyir. Bu zaman Türkiyə-Rusiya müttəfiqliyi sıxlaşır. Ancaq Türkiyə bu istiqamətdə irəliləyişə nail ola bilməyəcəyini başa düşür və əvvəlcə İdlibi təmizləmək, sonra digər bölgələrə keçmək istəyir. Lakin hər nə qədər müttəfiq kimi çıxış etsələr də, Rusiya Türkiyənin bu qədər rahat hərəkətinə imkan vermək istəmir. Baxmayaraq ki, Rusiya Türkiyəyə İdlibdəki terror qruplaşmalarını təmizləmək üçün vaxt da vermişdi. Ancaq Türkiyə bundan istifadə edə bilmədi. Çünki İdlib Fəratın qərbində YPG/PYD-nin son qalasıdır və bu bölgəyə ağır silahlar yerləşdirilib. Bundan əlavə iki ölkə arasındakı maraqların toqquşmasının əsas səbəblərindən biri də Bəşər Əsədlə bağlıdır. Belə ki, Türkiyə Suriyada yeni hökumətin qurulmasını istəyir, Rusiya isə əksinə, vassalı olan Bəşər Əsədin qalmasının tərəfdarıdır”.

Siyasi şərhçi İranın bölgədəki əsas aktorlardan biri olduğunu vurğulayıb:

“İranın vəziyyəti digərlərindən fərqlidir. Tehran yaxşı başa düşür ki, Suriya onun üçün qırmızı xəttdir. Belə ki, Bəşər Əsəd getsə regionda domino effekti yaranacaq. Yəni, sıra İrana gələcək. Üstəlik, hazırda ABŞ-İran münasibətləri ən çətin dövrlərindən birini yaşayır. Bu səbəbdən bölgədə əsas canfəşanlıq göstərən məhz İrandır”.

R.Məmmədov bütün bu məqamları nəzərə alaraq deyib ki, üç ölkənin maraqlarının üst-üstə düşməsi üçün zaman lazımdır:

“Ümumilikdə isə əsas müzakirə obyekti olan İdlibdə Türkiyə Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Çünki vaxt azalır və İdlibdə olduğu kimi Menbiçdə də müdafiə sistemləri möhkəmləndirilir. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan yaxşı başa düşür ki, İdlibi təmizləmək əsas vəzifədir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər