20 Fevral 2019 09:12
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT sədri Miroslav Layçakın bölgəyə səfərinin Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesinə təkan verəcəyini düşünmürəm”.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bu səfər münaqişə üzrə gedən müzakirələrin yenidən dalana dirəndiyi vaxta təsadüf edir:

“Hazırda Qarabağ münaqişəsi ilə bağlı müsbət proses getmir. Buna görə də, ATƏT sədrinin Bakı və İrəvan səfərindən müsbət heç nə gözləmirəm. Bu baxımdan, həmsədrlərin səfəri heç nə vəd etmir. Onlar sadəcə Azərbaycanı təslimçi sülhə hazırlaşdırmaq niyyətindədirlər. Buna görə də, xalqları sülhə hazırlaşdırmaq məsələsini ortaya atıblar. Həmsədrlər də, ATƏT sədri və digər vasitəçilər də bütün işləri bu istiqamətdə görürlər. Azərbaycanı təslimçi sülhə imza atmasını istəyirlər. Bu isə Azərbaycan üçün qəbuledilməzdir və buna gediləcəyini də düşünmürəm.

Yəni, Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli istiqamətində heç bir addım atmaq istəmirlər. Hazırkı vəziyyətdə məsələnin əsas mahiyyəti bundan ibarətdir. Layçak yox, kim gəlir-gəlsin, bu məsələnin ədalətli həllində maraqlı deyillər”.

Akif Nağı xatırladıb ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməli idi:

“Amma bu görüşün də keçirilməsinə imkan vermədilər. Demək, onlar belə görüşlərin keçirilməsində, obyektiv nəticənin əldə olunmasında maraqlı deyillər”.

Qeyd edək ki, Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyət olan sədri Miroslav Layçak mart ayında Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmək üçün Bakı və İrəvana səfər edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu