22 Fevral 2019 09:01
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Ermənistan Rusiya ilə “SU-30SM” qırıcısının alınması ilə bağlı razılaşma əldə edib. Bu müqaviləyə əsasən, 12 ədəd modernləşdirilmiş çoxtəyinatlı “SU-30SM” döyüş təyyarələri Ermənistana təhvil veriləcək”.

Bunu Teleqraf.com-a hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, digər hərbi silah-sursatlar da kreditlə Ermənistana veriləcək:

“Azərbaycan isə hazırda aviasiya parkının yenilənməsi ilə bağlı Pakistanla danışıqlar aparır. Bu danışıqlar əsasında Pakistandan “CF-17” döyüş təyyarələrinin alınması nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycanla müqayisədə Ermənistanın döyüş aviasiya parkı zəifdir. Rusiya da mövcud vəziyyəti bildiyindən belə qərara gəlib ki, Ermənistanın Azərbaycan qarşısında hərbi imkanlarını və balansı qorumaq məqsədilə döyüş aviasiya parkını gücləndirmək lazımdır. Bu çərçivədə də “SU-30SM” təyyarələrinin Ermənistana verilməsi razılaşdırılıb.

Hesab edirəm ki, buna cavab olaraq, Azərbaycan öz Silahlı Qüvvələrinin hərbi aviasiyasını daha da gücləndirəcək. Ümumiyyətlə, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı son 4-5 il ərzində ciddi addımlar atılıb”.

Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Rusiyadan aldığı “S-300 Favorit” hava hücumundan müdafiə sistemləri ilə hava sərhədlərinin mühafizəsini xeyli dərəcədə gücləndirib:

“Bu sistemlər Azərbaycanın döyüş aviasiyasının parkına daxil edilib. Bundan başqa, İsraildən “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi əldə olundu. Bunların hər biri Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir.

Düşünürəm ki, Ermənistanın alacağı “SU-30SM” tipli döyüş təyyarələri ilə mübarizə aparmaq üçün Azərbaycan “CF-17”, habelə “F-16” qırıcılarını əldə etməklə öz hava sərhədlərini daha da gücləndirə bilər. Eyni zamanda, “S-300” və “Dəmir Günbəz” sistemləri vasitəsilə bu məsələ 90 faiz həllini tapıb.

Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələri ilə bu istiqamətdə danışıqlar aparıla bilər”.

Ekspertin sözlərinə görə, hazırda Rusiya və Ermənistan arasında “SU-30SM” qırıcıları ilə bağlı aparılan danışıqlar saziş imzalanması mərhələsindədir: “Hələlik “SU-30SM” qırıcılarının heç biri Ermənistanın döyüş aviasiya parkına daxil edilməyib. Azərbaycanın bununla bağlı vaxtı var və Rusiyanın bu addımına qarşı Qərbin bir sıra ölkələri ilə danışıqları davam etdirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər