22 Fevral 2019 08:42
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pakistan və Hindistan arasında mütəmadi olaraq qarşıdurma halları olur. Belə hadisəni mən ilk dəfə SSRİ dövründə müşahidə etmişəm. Bu ölkələrin liderlərini səhv etmirəmsə, iki dəfə Xuruşovun hakimiyyəti dövründə Moskvaya dəvət edərək müzakirələr aparıblar. Pakistan-Hindistan münasibətlərində belə enmə və qabarmalar daima baş verir”.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov Pakistan və Hindistan arasında hazırda müşahidə olunan gərgin münasibətləri şərh edərkən deyib.

Professor xatırladıb ki, Böyük Britaniya Hindistanı tərk etdikdən sonra dəfələrlə qarşıdurma olub. Onun sözlərinə görə, 1949-cu ildən əvvəl hətta gərgin hərbi münasibətlər müşahidə edilib:

“Söhbət daha çox bir xalq və iki dil problemindən gedir. Yəni bu, həmişə olub. Tarixə bələd olan mütəxəssislər bu iki nüvə dövləti arasında yaranan durumu az qala qanunauyğunluq kimi qiymətləndirir. Tərəflər arasında bir nömrəli problem Kəşmir ştatıdır. Kəşmir inzibati ərazi baxımından Hindistanın tabeçiliyində olsa da, orada yaşayanların çoxu müsəlmandır və Pakistan oranı özünün ərazisi hesab edir”.

Əli Abbasov əlavə edib ki, hər iki ölkənin nüvə silahına malik olması müharibə riskinin qarşısını kəsən amildir:
“Biz bundan sonra da, tərəflər arasında gərgin və qarşılıqlı ittihamla dolu münasibətləri müşahidə edəcəyik. Qarşıdurmalar var. Bəzən siyasətçilər öz aralarında razılaşırlar, amma cəmiyyətlər daxilində gərginlik özünü saxlayır. Bu iki xalq arasında tarixi boyu gərginlik olub. Ancaq bu qarşıdurma nüvə təhlükəsi anına qədər inkişaf edə bilməz. İndiyə qədər silahlı insanlar sərhəddi o tərəfə və ya bu tərəfə keçərək terror aktları törədirlər. İllər əvvəl hər gün silahlı toqquşmalar haqda informasiya gəlirdi. Əslində son illər məhz o regionda nisbətən terrorizm azalıb. Son hadisə isə Hindistanın kəskin reaksiyasına səbəb olub. Hindistan buna görə İslamabadı ittiham edib. Bu ittihamları rədd edən İslamabad Dehlidəki səfirini geri çağırıb. Bundan sonra Hindistan da Pakistandakı səfirini geri çağırıb. Ümid edirəm ki, tərəflər arasında diplomatik təmaslar davam edəcək. Diplomatların susduğu, dialoq aparmadığı yerdə silah səsləri daha gur eşidilir”.

Qeyd edək ki, ötən həftə Kəşmirdə terror aktı baş verib və nəticədə 40-dan çox hindistanlı hərbçi ölüb. Bundan sonra Hindistan terror hadisəsində Pakistanın əli olduğunu elan edib. Bu iddianı rədd edən Pakistan Hindistanla diplomatik əlaqələri dayandırıb, hər iki ölkənin səfiri fəaliyyət göstərdiyi ölkəni tərk edib. Nüvə silahına malik olan Hindistan və Pakistan arasındakı bu gərginlik ciddi narahatçılığa səbəb olub.


Müəllif: Cavad

Oxşar xəbərlər