“Savaşı uduzmuş millətlərdə duyğuların təkamülü, bir qayda olaraq, qorxu, utanc və qəzəb mərhələlərindən keçir. Savaşı uduzmuş millətin savaşın özünü görməmiş yeni nəsli, daha savaşçı ruhda olur. Bizim millət qorxunu da yaşadı, utancı da. İndi yavaş-yavaş qəzəb yığılır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Real partiyasının funksioneri Erkin Qədirli bildirib.
Onun fikrincə, qəzəbin yığılması təbiidir:
“Azərbaycan xalqını sülhə hazırlamağın önəmini vurğulayan beynəlxalq qurumlar, riyakarlıq etmirlərsə, sülh üçün torpaqlarımızın qaytarılmasını anlamalıdırlar. Əks halda, bizim toplumda qəzəbin bundan sonra da artacağının və bir gün yeni savaşa yol açılacağının səbəbkarlarından birinə çevriləcəklər”.
Erkin Qədirli Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşının yaratdığı “Sülh Uğrunda Qadınlar” kampaniyasını dayandırdığı barədə açıqlamasına diqqət çəkib:
“Müvəqqəti sözünü əlavə etsə də, aydın izah verə bilmədiyindən nəyinsə düz getmədiyini güman etmək olar”.