4 Mart 2019 16:32
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor, tanınmış siyasi şərhçi Rüstəm Məmmədovla müsahibəni təqdim edir:

- Rüstəm müəllim, Vyetnamda Tramp-Kim Çen İn görüşü baş tutsa da, yekun razılıq əldə olunmadı. Buna baxmayaraq, görüşün yüksək səviyyədə və əhəmiyyətli şəkildə təqdim edilməsini necə şərh edərdiniz?

- Əslində heç bir razılaşma əldə edilmədi. Hesab edirəm ki, bu görüş faktiki olaraq baş aldatma, danışıqların aparıldığına dair görüntü yaratmaq cəhdi idi. Mən belə qiymətləndirirəm. Camaatın fikrini beləcə yayındırırlar.

- Bəzi beynəlxalq ekspertlər hesab edirlər ki, Tramp komandasının bu danışıqları davam etdirməsi vacibdir. Bir qrup ekspert isə düşünür ki, danışıqların nəticəsi olmayacaq. Siz, necə düşünürsünüz?

- Mən də hesab edirəm ki, bu danışıqların mənası yoxdur. Kim Çen İn çox keyfiyyətsiz siyasi xadimdir. Onunla danışıqlara girməyin mənası yoxdur.

- Yəni Pxenyan nüvə texnologiyasından imtina etməyəcək?

- Əlbəttə, etməyəcək. Buna şübhəniz olmasın.

- Bu halda Trampın danışıqları davam etdirməkdə məqsədi nədir?

- Donald Tramp seçki kampaniyası zamanı bəyanatında qeyd edirdi ki, Şimali Koreyanın nüvə texnologiyasından imtinasına nail olacaq. İndi Tramp seçicilərinə göstərir ki, bu vədini həyata keçirmək üçün ciddi şəkildə işləyir. Ancaq ortalıqda heç nə yoxdur və olası da deyil. Bu heç gözlənilmir də.

- Bu görüşdən sonra bəlli oldu ki, Tramp Amerika-Cənubi Koreya birgə təlimlərini təxirə salır və buna səbəb kimi mənasız maliyyə xərclərini nəzərdə tutur ...

- Tramp başa düşür ki, Koreya yarımadasında Amerikanın heç bir azarı yoxdur və olmamalıdır da. Bu məqsədlə hərbi təlimləri təxirə salır. Hesab edirəm ki, Trampın bu addımı anlaşılan və təbii qarşılanmalıdır. Normalda Amerika niyə gedib Cənubi Koreyada hərbi təlimlər keçirməli və buna milyonlarla dollar xərcləməlidir? Tramp anlayır ki, bu təlimlərin mənası yoxdur.

- Tramp bu qərarı ilə Pxenyanı hərbi təzyiqlərdən xilas edir?

- Yox. Pxenyana təzyiqdən söhbət getmir. Əgər Amerikaya lazım olsa, Pxenyanın qanını içər və uf da deməz. Düşünmürəm ki, bu təlimlərlə Pxenyana ciddi təzyiqlər oluna bilər. Sadəcə, ABŞ indiki mərhələdə bu təlimləri artıq və mənasız hesab edir.

- Vaşinqtonun bu addımı Seul və Tokio ilə münasibətlərdə soyuqluq yaratmayacaq?

- Mən hesab etmirəm ki, bu soyuqluğa gətirib çıxaracaq. Sadəcə, bu onu göstərir ki, ABŞ heç də dünyanı təkbaşına idarə etmək iqtidarında deyil.

- Koreya yarımadasında nə sülh, nə də müharibə olacaq?

- Müharibənin olub-olmayacağını deyə bilmərəm. Ancaq sülh də olmayacaq.

- Normalda sülh və müharibə bir-birinin alternativi rolunda çıxış edir...

- Çox güman ki, yarımadada aləm qarışa bilər. Bunun üçün ABŞ-ın dikbaşlığının davam etməsi yeganə səbəb ola bilər. İndi bu ehtimal olmasa da, növbəti mərhələdə ola bilər.

- Ötən həftə Hindistan və Pakistan arasında gərgin münasibət, hətta tərəflərin bir-birinin hərbi təyyarəsini vurmasının şahidi olduq. Hazırda müharibənin olması ehtimalı sıfır olsa da, siz vəziyyəti necə qiymətləndirirsiniz?

- Əvvəla deyim ki, Hindistan-Pakistan münasibətlərində belə hadisələr daima olub və bundan sonra da olacaq. Hesab edirəm ki, bu iki ölkə arasında münasibətlərin müharibə həddinə qədər gəlib çıxmasına təəccüblənmək doğru deyil. Söhbət ondan gedir ki, bu iki dövlət əslində bir-birini qəbul etməyən iki elementdir. Onlar arasında belə gərginliklər daima olacaq. Əlbəttə, çoxları hesab edir ki, bu dəfə onlar arasında qarşıdurma daha ciddi olub. Lakin ciddi və qeyri-ciddilikdən asılı olmayaraq, onlar bir-birini qəbul etmir. Odur ki, münasibətlərdə belə gərginlik hərbi fazaya keçidə qədər inkişaf edə bilir.

- Söhbət həm də nüvə dövlətlərindən gedir...

- Sözsüz ki, hər iki dövlət güclü nüvə texnologiyasına malikdir. Digər tərəfdən, əhali getdikcə çoxalır və hökumətlər başlarını itirir. Amma nüvə silahından istifadə birmənalı təkzib olunmalıdır.

- Siz, bu qarşıdurmada kimi haqlı sayırsınız?

- Mən hesab edirəm ki, Pakistan haqlı tərəfdir. Mütəmadi olaraq Pakistanın hüquqları pozulur, o terrorçuluqda ittiham olunur. Hindistan müsəlmanların ən böyük düşmənlərindən biridir.

- Niyə?

- Çünki dini cəhətdən uyğun gəlmir.

- Hərbi qarşıdurma ehtimalı gündəmdən çıxıb?

- Bu, nisbi anlayışdır. Əslində isə Hindistan və Pakistan bir-birinin qəddar düşmənidir. Bu münasibətlər elədir ki, onun hər an müharibəyə çevrilmə ehtimalı var.

- Qarşıdurma, gərginlik oldu, bəs niyə İslam Əməkdaşlıq Təşkilatı Pakistanı açıq müdafiə etmədi?

- Siz, haçan müsəlmanların bir-birinə kömək etdiyini görmüşünüz? İran bizə qonşu müsəlman ölkəsidir, amma Azərbaycan dövlətinin ərazilərini işğal edən Ermənistan dövlət başçısını qəbul edir, ona qucaq açır. Müsəlman dövləti kimi İran Ermənistanı tənqid edir, onunla əlaqələrində işğal faktını əsas götürürmü? Müsəlman ölkələri bir-birinə qarşı soyuq və sərt mövqedə dururlar. Ona görə də mən bu dövlətlərdən Pakistana qarşı hansısa dəstəyin ifadə edilməsini gözləmirəm. Yalnız Türkiyə müəyyən mənada fəallıq nümayiş etdirdi. Əslində Türkiyə müsəlman aləmində körpü rolunu oynamağa çalışır, amma bu, bir çox hallarda baş tutmur. Keçmiş SSRİ-dən ayrılan bu qədər müsəlman dövləti var. Hansı işğal faktına görə Ermənistanla əlaqələr qurmaqdan imtina edib və birmənalı Azərbaycanı dəstəkləyib? Yoxdur belə fakt. Müsəlmanlar anadangəlmə bir-birinə düşməndir. O zaman öz millətindən olanlar Məhəmməd peyğəmbərə qarşı daha qəddar düşməni mövqe sərgiləyiblər. İndi də bu proses davam edir. Odur ki, mən müsəlmanlardan heç nə gözləməmişəm və bundan sonra da gözləmirəm.

- Martın sonunda Ukraynada prezident seçkiləri keçiriləcək. Sizcə, seçkinin taleyi Rusiya-Ukrayna münaqişəsinə hansı formatda təsir edəcək?

- Hesab edirəm ki, yeni fiqur prezident seçiləcək, Poroşenko bu postda qala bilməyəcək. Yuliya Timoşenkonun prezident seçilmə ehtimalını görmürəm. Bu xanım vurulmuş siyasi fiqurdur. Zənn edirəm ki, Rusiyaya yaxın şəxs prezident seçilə bilər. Bu, birmənalıdır.

- Amma Rusiyanın simpatiya bəslədiyi fiqurun Ukrayna prezidenti seçilməsi qeyri-realdır...

- Ukrayna xalqı başqa cür düşünür. Onlar anlayır ki, Rusiyasız Ukraynanın sabahı yoxdur.

Seçkilərdən sonra münaqişənin hansı formada davam edəcəyini proqnozlaşdırmaq çətindir. Fikrimcə, münaqişənin taleyi prezident seçilən siyasətçinin yürüdəcəyi siyasətə uyğun olaraq, davam edəcək.

- Artıq Nikol Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olacaq. İnqilabın bir illiyində nə gözləntiləriniz var?

- Mən Ermənistandan ağıllı heç nə gözləmirəm. Düşünürəm ki, Ermənistan öz yolunu tutub və beləcə də davam edəcək. Erməni millətindən nə gözlənti ola bilər? Çörəyi dizinin üstündə olan millətdir. Onlar bizə münasibətdə deyir ki, torpağı işğal etmişik, bacarırsınız, gəlin, alın.

Amma son 1 ildə Ermənistanın daxilində iqtisadi-sosial durum normallaşmayıb. Əhali əvvəlki formada yaşamaqda davam edir. Hesab edirəm ki, yaxın dövrdə bu ölkədə ciddi hərbi-siyasi qarşıdurma olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər