Cənab prezidentin vətəndaşlarla görüşü çox böyük bir qürur məsələsidir. Çıxışlarında sadə insanların problemlərinin qaldırılması, onların həlli ilə bağlı ciddi işlərin aparılması, eyni zamanda siyasətinin mərkəzində sadə adamların durduğunu elan etməsi onun çox böyük və müdrik siyasətçi olduğunu göstərir. Dövlət başçısının vaxtaşırı sadə insanlarla görüşü onun ölkədəki vəziyyət haqqında sadə insanların dilindən eşitmək, onların problemlərinin həlli üçün yeni planlar qurmaq və bəzən diqqətdən kənarda qalan məsələni operativ həll etmək istəyindən irəli gəlir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Prezident İlham Əliyevin martın 6-7-də Şamaxı və Ağsu rayonlarına səfəri, dövlət başçısının sakinlərlə görüşü, problemlərlə yerində maraqlanması və onların həlli ilə bağlı müvafiq icra orqanlarına operativ tapşırıqlar verməsi ilə bağlı fikirlərini bölüşən A.Mirzəzadə qeyd edib ki, dövlət başçısı böyük bir siyasi məktəb keçib:
“Onun ulu öndər Heydər Əliyevin yanında böyük siyasəti öyrənməsi, ulu öndərin yanaşmasını əsas götürməsi bugünki idarəetmədə dövlət başçımıza çox böyük gərək olur. Deyərdim ki, cənab prezidentin insanlarla yaxınlığı böyük məsələlərin həllində ona yardımçı olur. Ən əsası isə cənab prezident sadə insanlarla onların dilində danışmağı bacarır, onların qayğıları ilə yaşayır. Onların gündəlik həyatında iştirak edir.
Cənab prezidentin Şamaxıda Saray nənə ilə bir ana-oğul münasibətləri qurması, istedadlı Şamaxı sakini, musiqiçi Vüqar Teyfurovun ifasını dinləməsi, Şamaxıda zəlzələdən zərər çəkən ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlqoyma mərasimində iştirakı onun böyüklüyündən, sadə insanlara yaxınlığından xəbər verir, azərbaycançılığı ilk növbədə real hərəkətlərində ifadə etdiyini göstərir.
Hər kəs bir daha yəqin edir ki, seçkilərdə cənab İlham Əliyevə səs verməklə çox düzgün edib.
Azərbaycanın sükanının bu gün cənab prezidentdə olması cəmiyyət tərəfindən verilmiş çox düzgün qərardır. Hesab edirəm ki, cənab prezidentin apardığı siyasət Azərbaycanı daha güclü, insanlarını sosial cəhətdən daha müdafiə edilmiş, ən əsası isə müstəqilliyimizi möhkəm və əbədi edəcək”.