Aprel döyüşləri ermənilərin düşüncələrini alt-üst etdi.
Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, ermənilər Dağlıq Qarabağ probleminin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar, onlarda döyüş ruhu aşağı olacaq:
“Onlar ümid edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.
Aprel döyüşləri İrəvanın ermənilər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə sapı özümüzdən olan müəyyən qüvvələrin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dönəminə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirilməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi”.
S.Novruzov əlavə edib ki, bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır./Trend/