15 Mart 2019 20:24
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada baş vermiş hadisə həm islam dəyərlərinə, həm də bütün bəşəri, humanist prinsiplərə qarşı vandalizm aktıdır. Açığı deyim ki, bu hadisə barədə eşitdikdən dərhal sonra xəyalən araşdırma apardım və bu qənaətə gəldim ki, müsəlman ölkələrində məscidlərdə qarşı terror aktları törədilməsinə rast gəlinmir. Bu cür hadisələr nadir hallarda olar. Adətən Qərb ölkələrində məscidlərə və müsəlman dini ibadətgahlarına bu xarakterli hücumların şahidi olurduq. Ancaq bu dəfə Cənub yarımkürəsində – Sakit okeanda yerləşən uzaq Yeni Zelandiyada baş verir. Bu ölkə Cənub-Şərqi Asiyaya, beləliklə islam dünyasına çox yaxın bölgədir. Bu baxımdan hadisə diqqət çəkir.

Bunu Teleqraf.com-a açıqlamsında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, bu vandalizm aktının arxasında nələrin dayandığını hələlik dəqiq söyləmək mümkün deyil:

”Ancaq aydın məsələdir ki, bu, hardasa həmin ölkədə dözümlülüyün, tolerantlığın lazımı səviyyədə olmamasının nəticəsi, yaxud hansısa xüsusi xidmət orqanlarının bu ölkədə dinlər, millətlər arasında həmrəyliyi pozmaq üçün həyata keçirdiyi bir təxribat aktı ola bilər. Ölkədə sabitliyin pozulmasına yönəlmiş bir hadisə kimi nəzərdən keçirilə bilər. Yəni, hələlik ən müxtəlif versiyalarla çıxış etmək mümkündür. Amma ümumi nəticə bundan ibarətdir ki, bu, insanlığa, bəşəriyyətə və sabitliyə qarşı törədilmiş bir cinayətdir”.

A.Quliyev qeyd edib ki, bu hadisənin VII Qlobal Bakı Forumunun keçirildiyi günlərə təsadüf etməsi də müəyyən qədər müqayisə aparmağa imkan verir:

“Yəni, dünyanın bir qütbündə ən müxtəlif monoteist dinlərinin, mədəniyyətlərinin, milli, etnik və etnos sivilizasiyalarının bir araya gətirilməsini sistemli, konseptual siyasət kimi həyata keçirən bir ölkə var, başqa bir qütbdə isə məscidə qarşı belə cinayətin törədildiyi ölkə də mövcuddur. Əlbəttə, istisna deyil ki, hansısa bir ölkədə bir xristian dininə mənsub məbədə qarşı da belə vandalizm aktı həyata keçirilə bilər. Bütün hallarda milyonlarla insanın dini inanc, əqidə obyekti olan məscidə, kilsəyə, başqa dinlərin dəyərlərinə qarşı belə vandalizm aktının həyata keçirilməsi bəşəriyyət, sülh, dünya üçün sözsüz ki, təhlükəli addımlardır. Yada salmaq istərdim ki, bu günlərdə Bakıda keçirilən forumda dünyanın yeni xarici siyasət problemləri və konsepsiyası müzakirə olunub.

Tamamilə doğrudur ki, bu gün dünya ölkələrinin hər birinin daxili sabitlik, təhlükəsizlik daha çox həmin ölkələrin apardığı xarici siyasətlə bağlıdır. Hansı ölkənin xarici siyasəti normal şəkildə qurulubsa, xarici siyasət ölkədə gedən prosesləri tamamlayıbsa və milli mənafelərə uyğundursa, həmin ölkənin xarici siyasəti də uğurlar qazanır və müəyyən fəsadlar meydana çıxmır. Digər tərəfdən bu forumda Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışında ifadə etdiyi bir tezisi mən deyərdim bu gün dünyada təhlükəsizliyin əsas formulu kimi qəbul etmək düzgün olardı.

Prezident qeyd etdi ki, Azərbaycanda mövcud olan multikulturalizm, ümumiyyətlə bütün dünya ölkələri üçün multikulturalizm gərginliyi aradan qaldırmaq, sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməyin, əməkdaşlığın ən səmərəli formalarını tətbiq etməyin ən real yoludur. Yəni, hansı ölkədə tolerantlıq, dözümlülük, multikulturalizm mühiti varsa həmin ölkədə sabitlik, inkişaf və həmrəylik var. Məncə cənab prezidentin Bakı Forumunda ifadə etdiyi bu fikri dünyanın bütün ölkələri və bütün bölgələrində davamlı sabitliyin və təhlükəsizliyin bir formulu kimi qəbul və tətbiq etmək olar. Eləcə də əgər Avstraliya, Okeaniya və Cənub-Şərqi Asiya ölkələrinin hamısında tolerantlıq, dözümlülük, multikultural mühit yüksək prinsiplər səviyyəsində həyata keçirsə əminəm ki, belə hadisələrin qarşısını almaq mümkün olar. Ona görə də dünyanın bütün ölkələrinin bu gün Bakıda gedən forumun materiallarını diqqətlə izləməsi və ondan nəticə çıxarması yalnız işin faydasına ola bilərdi. Yekunda qeyd etmək istərdim ki, məsciddə törədilən bu cinayət çox güman cəzasız qalmayacaq və dünya müsəlmanları da buna hər halda dözümlü yanaşacaqlar və yanaşmalıdırlar. Çünki bu bir təxribat da ola bilər, müsəlmanlarla xristianları bir-birinə qarşı qaldırmaq, islam dünyasında çaxnaşma yaratmaq və sair bu kimi təxribat niyyətlərinin həyata keçirilməsi üçün akt da ola bilər. Ona görə də müsəlmanlar buna mümkün qədər təmkinli yanaşmalıdırlar”.


Müəllif: Səxavət Həmid