Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri inkişaf etdirməsi ölkəmizin beynəlxalq təşkilatlarda bu dövlətlərin davamlı dəstəyini almasına gətirib çıxaracaq.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, dünyada yeni nizam formalaşır. Latın Amerikasının Braziliya, Argentina və Çili kimi böyük dövlətləri 5-10 ildən sonra dünya siyasətində əsas oyunçular ola bilər:
“Bu mənada Xarici İşlər naziri Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinə səfəri xüsusi əhəmiyyət kəsb edir. BMT-də və digər beynəlxalq təşkilatlarda “üçüncü dünya ölkələri” adlanan Afrika və Latın Amerikası ölkələri bir səsə malikdir. Azərbaycan öz ərazi bütövlüyü ilə bağlı hər hansı qətnaməni irəli sürdükdə bu ölkələrin səsi həlledici olur. Latın Amerikası ölkələri dünyanın iri xammal ehtiyatlarına malikdir. Bu ölkələrin inkişafı və beynəlxalq siyasətdə rolu getdikcə artır. Azərbaycanın bu kimi ölkələrlə diplomatik nümayəndəliklərini açması informasiya müharibəsində və diplomatik müstəvidə də işğalçı Ermənistan üzərində siyasi qələbəmiz ola bilər”.
Siyasi şərhçi onu da bildirib ki, bu gün dünya siyasətində bizdən uzaq ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində coğrafi məkan anlayışı nisbidir:
“Latın Amerikası ölkələrinin bizdən coğrafi cəhətdən uzaqda yerləşməsinə baxmayaraq, bu regionda siyasi və iqtisadi fəaliyyətimizi artırmalıyıq. Braziliya və Argentina kimi böyük və inkişaf etmiş ölkələrlə əməkdaşlıq Azərbaycanın gələcəyə siyasi yatırımlarıdır. Bu ölkələrlə silah ticarəti və digər sahələrdə əlaqələri inkişaf etdirmək olar. Nəzərə almaq lazımdır ki, Azərbaycan silah istehsalını inkişaf etdirir və yeni bazarlar əldə etməlidir. Ona görə də bu regionla əməkdaşlıq perspektivlidir və yeni bazarların əldə edilməsidir. Bu ölkələrin şirkətlərini Azərbaycana cəlb etmək olar”.
Qeyd edək ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Çili, Argentina, Uruqvay Şərq Respublikası və Paraqvaya rəsmi səfər edib. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Ayres şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.