19 Mart 2019 16:52
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliyi imzalayıb.

Teleqraf.com xəbər verir ki, dəyişiklik tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının ödənişli olmasını nəzərdə tutur.

Bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Bununla bağlı məcəllənin 11-ci (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi) maddəsində dəyişiklik edilib.

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər