Artıq erməni cəmiyyəti bir şeyi anlayır ki, Ermənistan vətəndaşı olan əsgər elə Ermənistanda xidmət eləməlidir. Nəyə görə Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməlidir ki, valideynlərinin üstünə qara tabutlar gəlsin? Bu, Ermənistan siyasi rəhbərliyinin işğal siyasətinə qarşı cəmiyyətin səsini ucaltmasıdır. Mənə elə gəlir ki, bu etiraz aksiyalarının bir az da geniş vüsət alması, Ermənistan cəmiyyətində vahimənin, gərginliyin, təşvişin artması üçün biz də kömək etməliyik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov erməni əsgərlərin Qarabağa sürgünə göndərildiyi faktına münasibət bildirərkən deyib.
Deputat xeyli vaxtdır Ermənistan vətəndaşları öz övladlarının Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməsinə qarşı ciddi etiraz aksiyaları keçirdikləri xatırladıb: “Əvvəl bu proses üstüörtülü gedirdi, artıq aydın şəkildə görünür. Ermənistan vətəndaşı olan gənclər Azərbaycanın işğal altında olan ərazilərində hərbi xidmət keçməkdən imtina edirlər. Fürsət tapanlar qaçır, heç hərbi xidmətə getmir, imkanı olmayanlar da narazılıqlarını bildirirlər”.
Elman Məmmədovun sözlərinə görə, bu yaxınlarda hərbi hissələrdən birində olan qiyam bunun bariz nümunəsidir: “Hərbi gücümüzdən istifadə edib torpaqlarımızda olan Ermənistan hərbçilərini güc yolu ilə başa salmalıyıq ki, bura sənin yerin deyil, niyə buradasan? Ermənistana gedən əsgər cənazələrinin sayının artmasına kömək etməliyik ki, qiyam dalğası daha da güclənsin. Hamısı dərk edirlər ki, işğalçıdırlar, nə Ermənistan sərhəddini qoruyur, nə də Ermənistanda hərbi xidmət keçirlər, artıq işğalçı ordunun əsgərləri kimi Azərbaycan ərazilərindədirlər. Azərbaycan torpaqlarını işğaldan azad edəcək, bu zaman ordumuzdan yüz dəfələrlə zəif olan əsgərlər təbii ki, məhv olacaq. Onlar məhv olmamaq üçün qiyam edirlər. Biz də çalışmalıyıq ki, bu dalğa daha da geniş vüsət alsın, torpaqlarımızdan çəkilib getsinlər”.
Deputat qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan generallarla qapalı iclas keçirməsi Dağlıq Qarabağdakı qondarma rejimin onu təşvişə salması ilə bağlıdır: “Ola bilər itaətsizlikdən ehtiyat edir. Digər tərəfdən orduda kriminal halların, intiharların sayı artır, zabit-əsgər münasibətləri gündən-günə pisləşir. Ona görə də əsgərlərin xeyli hissəsi bir-birini öldürür. Eləcə də ermənistanlı və qarabağlı hərbçilər arasında ciddi qarşıdurmalar var.
Ermənistanda cəmiyyətin bütün sahələri böhran içində olduğu kimi orada da orduda problem daha qabarıq şəkildə sınaqdan keçirir. Yəni təminat, təchizat yoxdur, cinayətkarlıq baş alıb gedir, bütün bunlar hamısı orduda tabesizlik yaradıb, Ermənistan ordusu quldur dəstəsinə çevrilib. Paşinyanı bu, təşvişə salır. Hakimiyyətə gələndən sonra erməni xalqına verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Müəllimi, fəhləsi, hərbçisi vaxtaşırı nümayişlər keçirir. Paşinyan qorxur ki, bu, kütləvi hal alacaq. Düşünür ki, onda ordudan istifadə üçün onu əlimdə nə cür saxlaya bilirəm”.
Qeyd edək ki, ötən gün Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Daha sonra geri qayıdan əsgərlərin bir hissəsini Dağlıq Qarabağda cəbhə xəttinə göndəriblər. Əsgər anaları övladlarından xəbər ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.