Vyanada baş tutan Dağlıq Qarabağ danışıqlarının mahiyyətinə dair ən düzgün qiymətləndirməni Prezident İlham Əliyev verdi. Mən belə anlayıram ki, Nikol Paşinyanla danışıqları davam etdirmək mümkündür.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan Vyanada təkid etsəydi ki, Dağlıq Qarabağ separatçıları da masa arxasına oturmalıdır, bu, Ermənistan rəhbərliyinin danışıqlardan yayınması və dialoqun mənasızlığı anlamına gələrdi: “Paşinyan Yerevanda səsləndirdiyi bu fikirləri Vyanada təkrarlaya bilmədi. Çünki Azərbaycan prezidentinin mövqeyinin konkret olduğunu gördü. Bundan belə nəticə hasil olur ki, danışıqlar mahiyyəti üzrə aparılacaq və hər hansı bir format dəyişikliyindən söhbət gedə bilməz”.
Rasim Musabəyov əlavə edib ki, birinci şəxslər səviyyəsində baş tutan görüşdə tərəflər kağız üzərində nəsə yazmırlar: “Birinci şəxslər 3 saat ərzində məsələləri nəzərdən keçirib xarici işlər nazirlərinə müvafiq göstəriş verəcəklər ki, danışıqlar mahiyyəti üzrə davam etdirilsin”.
Millət vəkili bildirib ki, Paşinyan əvvəlki fikirlərindən imtina etməsə belə, danışıqlara maneə yarada bilmir və ya yaratmır: “Onun əvvəlki bəyanatlarından sonra bizim arzu etdiyimiz formatda danışıqlar aparmasında həm Azərbaycan tərəfinin, həm də ATƏT-in Minsk Qrupunun müəyyən təsirləri olub. Əlavə edim ki, hətta danışıqlar öncəsi Ermənistanın xarici işlər naziri Moskvaya gedərək Sergey Lavrovla görüşüb.
Fikrimcə, erməni naziri Moskvada başa salıblar ki, şıltaqlığa ehtiyac yoxdur və danışıqlar formatına uyğun müzakirələr aparmaq lazımdır”.
Rasim Musabəyov hesab edir ki, danışıqlar prosesində Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir və erməni tərəfinin bu durumu dəyişmək imkanı yoxdur. Onun sözlərinə görə, proses boyunca Azərbaycan tərəfinin beynəlxalq hüquqa, diplomatiya ənənələrinə sadiq qaldığını Azərbaycan prezidenti böyük ustalıqla nümayiş etdirib: “Biz onu da nəzərə almalıyıq ki, danışıqlar prosesində Azərbaycan tərəfi daha təcrübəlidir və işin mahiyyətini incəliklərinə qədər bilir. Ermənistan tərəfindən isə həm Paşinyan, həm də digər diplomatlar bu işlə yeni məşğul olmağa başlayıb.
Bütün hallarda danışıqlar formatı Azərbaycanın maraqlarına uyğun olaraq dəyişmir və bu şəkildə davam etdiriləcək”.