Bu gün Rusiyanın Moskva şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli iclası başlayıb.
Yığıncaqda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.
Yığıncaqda həmçinin beynəlxalq gündəliyin aktual məsələləri və MDB formatında qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi nəzərdə tutulub. Bundan başqa, II Dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı MDB-yə üzv dövlətlərin başçılarının bəyanatının layihəsi, habelə üzv ölkələrin xarici siyasət idarələri arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Eyni zamanda iclasda hərbi məzarların və Böyük Vətən müharibəsi ilə bağlı hərbi abidələrin mühafizəsi və fundamental tədqiqatlar sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsinin də müzakirəsi planlaşdırılır.
Digər sənədlər tam şəkildə razılaşdırılıb və müzakirəsiz imzalanacaq. Bunlar MDB ölkələrinin mədəniyyət, təhsil və cinayətkarlığa qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini ehtiva edir./Report/