6 Aprel 2019 20:07
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən dəfələrlə bildirmişəm ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının mövqeyini dəstəkləyirəm. 2016-cı ilin aprel hadisələri bir daha sübut etdi ki, Azərbaycan mövcud qeyri-müəyyən status-kvo ilə barışmayacaq. Bu səbəbdən Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquq normalarına uyğun olduğunu hesab edirəm.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Akko şəhərinin meri Şimon Lankri Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi Azərbaycanın qadın nümayəndə heyəti ilə, Akko Azərbaycan Evinin rəhbəri, Akko Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Şirin Nexamiya Mixaeli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutla keçirdiyi görüşdə bildirib.

“Biz, israillilər müharibə və terrorun nə demək olduğunu sözdə deyil, reallıqda çox gözəl bilirik. İki ay əvvəl “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə mənim rəhbərlik etdiyim şəhərdə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktına həsr olunmuş yüksək səviyyəli sənədli fotosərgi keçirildi. Bu fotosərgi, həmçinin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər və vandalizm məni dəhşətə gətirdi. Çox ümidvaram ki, tezliklə işğal olunmuş Azərbaycan əraziləri azad ediləcək və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar”, - deyə Şimon Lankri qeyd deyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində fotosərginin yüksək səviyyədə keçirilməsinə görə Akko şəhərinin merinə və Azərbaycan Dağ Yəhudiləri İcmasına təşəkkür edib.

Q.Paşayeva deyib:

“27 il əvvəl Xocalı şəhərində Azərbaycanda dinc əhaliyə, o cümlədən qocalara, qadınlara və uşaqlara amansızcasına və qəddarlıqla divan tutulub. Bu qırğının səbəbi yalnız onların azərbaycanlı olması idi. Ermənilərin törətdikləri vəhşiliklər və barbarlıq haqqında bütün dünya ictimaiyyəti bilməlidir. Yəhudi xalqı Xocalıda soyqırımı aktı ilə nəticələnən erməni faşizmini hamıdan yaxşı anlaya bilər. Şimon Lankri, Siz İsraildə Azərbaycanın əsl və həqiqi dostusunuz. Azərbaycanı dəstəkləməklə yanaşı, siz bizim Azərbaycan icması üçün böyük layihələr həyata keçirirsiniz. Sizin təşəbbüsünüzlə İsraildə ilk dəfə Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və Akkoda Azərbaycan Evi fəaliyyətə başlayıb. Bu təşəbbüslər Azərbaycan və İsrail arasında strateji əməkdaşlığında həqiqi və real körpüdür”.

Tədbirdə çıxış edən Akko şəhərinin Azərbaycan Dağ Yəhudi İcmasının rəhbəri, Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin başçısı və Akko Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli Şimon Lankrinin Azərbaycan-İsrail strateji tərəfdaşlığının möhkəmlənməsində böyük rolunu qeyd edib.

Nexamiya Şirin Mixaeli deyib:

“Şimon Lankrinin Azərbaycana tarixi və uğurlu səfəri zamanı o, Azərbaycan xalqı tərəfindən yəhudilərə olan isti və səmimi münasibəti gördükdən, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra belə qənaət hasil edib ki, Akkoda Azərbaycan Evinin tikintisi və fəaliyyəti zəruridir. Bu gün Şimon Lankri əlindən gələn hər şeyi edir ki, Azərbaycan Evi qədim və multikultural Akko şəhərinin ayrılmaz hissəsinə və müasir rəmzinə çevrilsin.

Vurğulamaq lazımdır ki, məhz şəhərin meri Şimon Lankri və “STMEQİ” Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin və Akkodakı Azərbaycan Evinin yeni yaraşıqlı binasının tikintisini təşəbbüskarı olublar. Bu gün burada İsraildəki Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi də fəaliyyət göstərir”.

Tədbirdə çıxış edən beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Şimon Lankrinin İsrail şəhərinin ilk meri kimi Azərbaycana tarixi səfərinin əhəmiyyətini qeyd edib.

“Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq yan-yana mövcud olublar. Bu torpaq indi də tolerantlığa və dini dözümlülüyə qeyri-adi səylər nümayiş etdirir. Qırmızı Qəsəbə dağ yəhudilərinin dünyada kompakt şəkildə yaşadığı yeganə və unikal yerdir. Bu məkan Azərbaycanın qürurudur. Burada əsrlərdir ki, yəhudilər və azərbaycanlılar birlikdə yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Bu qəsəbədə onları ortaq tale və ümumi tarix birləşdirir.

Biz bütün məsuliyyətimizlə bütün dünyaya və ən başlıcası, erməni işğalçılarına bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi bizim də faciəmiz, ağrı-acımızdır. Belə ki, haqq və ədalət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar həmişə birlikdə döyüşüblər. Biz birgə yaşamışıq, sevinmişik və döyüşmüşük. Biz, Azərbaycanın yetirmələri fəxr edirik ki, erməni işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri mərdlik, Azərbaycan və yəhudi xalqlarının qardaşlığının rəmzinə çevrilmiş qardaşımız Albert Aqarunov olub.

Biz gözəl, tolerant və qonaqpərvər Azərbaycan xalqı ilə bir ölkədə doğulduğumuza, boya-başa çatdığımıza və yaşadığımıza görə Yaradana minnətdarıq. Fəxr edirik ki, biz Azərbaycanda – bizim üçün Ana Vətən olan bu müqəddəs torpaqda dünyaya gəlmişik.

Azərbaycanın dövlət başçısı İlham Əliyev milli azlıqların, o cümlədən ölkənin yəhudi icmasının adət-ənənələrinə və həyatına dünyada bənzəri olmayan qayğıkeş və səmimi münasibət bəsləyir. Ölkə prezidentinin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi tikilib. Həmçinin, Cənubi Qafqazda ilk yəhudi muzeyinin də Azərbaycanda yaradılması nəzərdə tutulur. İsraillə bu cür dərin, sıx və hərtərəfli münasibətləri olan Azərbaycan kimi ikinci İslam dünyası dövləti demək olar ki, yoxdur. Azərbaycan dövlətinin yəhudi icması ilə qarşılıqlı münasibətləri ən yüksək səviyyədə və çox gözəldir”, – deyə Arye Qut vurğulayıb.

İsrailin Akko şəhərinin meri qeyd edib ki, Azərbaycanda səfərdə olarkən Azərbaycan xalqının səmimiliyini və qonaqpərvərliyini, tolerantlığını və multikulturalizmini şəxsən hiss edib. O qeyd edib:

“Məhz Azərbaycanın yetirməsi olan yaxın dostlarım Nexamiya Şirin Mixaeli və Arye Qut Azərbaycan adlı ölkəni mənim üçün kəşf etdilər. Onlar həmişə İsraildə fəxrlə danışırlar ki, Azərbaycanda heç bir vaxt antisemitizm olmayıb və orada yəhudilər özlərini əcnəbi kimi hiss etməyiblər. Buraya gəldiyimdə və yəhudilərə olan səmimi münasibəti gördüyümdə mən ruhlandım və fəxr edirəm ki, Azərbaycanın dostuyam”.

Akko meri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınacağına ümid edir. O, sözlərinə yekun vuraraq deyib:

“İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib və mən bu mövqeyi bölüşürəm. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycanla və Azərbaycan xalqı ilə birlikdədir”.

Sonra Akko Azərbaycan Evində Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın Azərbaycan diasporunun nümayəndələri ilə görüşü olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər