"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər bilavasitə münaqişənin həllini əngəlləyən məsələdir".
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Cenevrə Bölməsində "Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri" mövzusunda beynəlxalq konfransda iştirak edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan atəşkəs rejiminin arxasında gizlənərək riyakarcasına Azərbaycanın işğal olunmuş ərazilərinin təbii resurslarını talan edir, həmçinin demoqrafik vəziyyəti dəyişdirir, Azərbaycanın maddi-mədəni irsinin məhv edilməsi, onun xalqımıza məxsusluğunun izlərinin silinməsi kimi fəaliyyətləri həyata keçirir: "Ona görə də beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq Azərbaycan Respublikası işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyətlər mövzusunu ardıcıl olaraq beynəlxalq tədbirlərdə qaldırır".
H.Hacıyev konfransın mahiyyətinə toxunaraq qeyd edib ki, tədbirdə işğal olunmuş ərazilərdəki qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri məsələləri müzakirəyə çıxarılıb: "Burada bilavasitə Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınmış və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının bütün fundamental hüquq və azadlıqlarının, eləcə də mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi hallar mövcuddur. Bu da Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə birbaşa bağlıdır. Bu konfransda BMT yanında akkreditə olunmuş ölkələrin səfirləri, BMT-nin aidiyyəti ixtisaslaşmış strukturlarının nümayəndələri, beynəlxalq hüquqşünaslar və ekspertlər iştirak edirlər. Buna görə də bu məsələyə, ilk növbədə, beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşıldı və müzakirələrdə “bugünkü beynəlxalq hüquqda çatışmayan məqamlar varmı və onlar qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında nə dərəcədə səmərəlidir?” kimi suallara aydınlıq gətirilməsinə çalışıldı".
Şöbə müdiri qeyd edib ki, konfransda digər münaqişə zonalarında bu sahədə mövcud təcrübələr və baxışlar da müzakirə olundu. Azərbaycan Respublikasının üzləşdiyi problem də bu mövzu əsasında təqdim edildi: "Düşünürük ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusu bundan sonrakı beynəlxalq tədbirlərdə də davam etdiriləcək. Çox müsbət haldır ki, bu tədbir məhz BMT-nin binasında baş tutur. Azərbaycan Respublikası bu tədbiri təşkil etməklə müasir beynəlxalq hüquqda və beynəlxalq humanitar hüquqda bu mövzunun inkişaf etdirilməsi və beynəlxalq hüquq nöqteyi-nəzərindən məcəllələşdirilməsi istiqamətində addımların atılması prosesinə öz töhfəsini verir. Belə tədbirlər çərçivəsində Azərbaycan da bu kontekstdə öz problemini –işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və bu məsələ ətrafında müzakirələr aparılır".