12 Aprel 2019 18:25
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyevin bir illik fəaliyyətinin yekunları və Fransanın məşhur rəy sorğusu şirkəti “Opinion way”in apardığı sorğunun nəticələri əslində bir-birini tamamlayır.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

O qeyd edib ki, ötən bir il ərzində biz ölkəmizdə daxili, xarici siyasət sahəsində, iqtisadiyyat, sosial, mədəniyyət, humanitar sferalarda və Qarabağ probleminin həlli istiqamətində cənab prezidentin atdığı addımların dövlət və cəmiyyət maraqlarına yüksək dərəcədə uyğun olduğunu gördük.

A.Quliyevin fikrincə, ən müxtəlif istiqamətlərdə əhəmiyyətli nəticələr var:

“Əhalinin rifahının yaxşılaşması, Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi, ölkəyə turist axınının artması, ölkəmizin valyuta ehtiyatlarının durmadan çoxalması, nüfuzunun güclənməsi bu bir ildə görülən işlərin böyük nəticələrindən sayıla bilər.

Fransanın məşhur şirkətinin apardığı rəy sorğusu müxtəlif istiqamətlərdə əhəmiyyətlidir. Sorğu həm Azərbaycanın dünyada bir ölkə kimi tanıdılması nöqteyi-nəzərindən, həm də cənab prezidentin gördüyü işlərə xalqımızın qiymət verməsi baxımından əhəmiyətlidir.

Sorğunun nəticələri göstərir ki, xalqımız prezidentin siyasətini diqqətlə izləyir, onun müxtəlif sahələrdə göstərdiyi fəaliyyəti təhlil edir və buna obyektiv, ədalətli qiymət verir. Xüsusilə də son bir ildə cənab prezidentin sosial islahatlar sahəsində atdığı adımların xalq tərəfindən yüksək dəstəkləndiyinin şahidi oluruq. Korrupsiya ilə mübarizə sahəsində atılan addımların böyük effekt verdiyini görürük. Ələlxüsus, korrupsiya ilə mübarizə sahəsində görülən işlər Azərbaycanın adını dünyada müxtəlif korrupsiya qalmaqallarında hallandırmaq istəyən düşmən ermənipərəst dairələrə də tutarlı bir zərbə oldu”.

A.Quliyev bildirib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərin yüksək qiymətləndirilməsi rəy sorğusunun mühüm nəticələrindən biridir:

“Azərbaycan xalqı, cəmiyyətimiz cənab prezidentin Qarabağ probleminin həlli sahəsində gördüyü işlərin erməni diplomatiyasının mövqelərinə sarsıdıcı zərbə vurmasının fərqinə varır və cəmiyyətimiz başa düşür ki, Qarabağ probleminin həlli üçün xüsusilə son bir ildə çox böyük işlər görülüb”.

Müsahibimiz qeyd edib ki, kadr islahatlarının cəmiyyət tərəfindən dəstəklənməsi də əhəmiyyətli nəticədir:

“Çünki xüsusilə son bir ildə həm rotasiya qaydasında yerlərinin dəyişilməsi, həm müxtəlif yaş qruplarına aid olanların iş başına gətirilməsi, həm də, əlbəttə, yarıtmazların tamamilə vurulub kənara atılması formasında özünü göstərən kadr siyasəti cəmiyyətimizin ürəyincədir”.

Siyasi ekspert qeyd edib ki, rəy sorğusunun regionların inkişafına dair hissəsi də reallığa tam uyğundur:

“Bir sözlə, Azərbaycan Prezidentinin bir ildə apardığı fəaliyyətin nəticələri bu rəy sorğusunda bir daha təsdiqləndi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər