Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib.
Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov və müşavirə iştirakçıları əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Ə.Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirədə Milli Məclisin deputatlarından Azər Kərimli, Yaqub Mahmudov, Fəttah Heydərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Nəsib Məhəməliyev, Əli Məsimli, Cavanşir Feyziyev, Elşən Musayev, partiyanın rayon təşkilatının sədrləri, Şəki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müşavirədə giriş sözü ilə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda sosial sahə ilə bağlı görülən işlər haqqında məlumat verib.
Müşavirədə Baş nazirin müavini Ə.Əhmədov bildirib ki, bir il bundan öncə xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verərək ona 2025-ci ilə qədər Azərbaycan Prezidenti vəzifəsini həyata keçirməyi həvalə etdi: "Xalqımız bu addımla yenidən Ulu Öndər Heydər Əliyev siyasətinin davam etməsinə öz razılığını bildirdi. Beləliklə, 2018-ci ildə keçirilən seçkilərdən bir il sonrakı müddət ərzində çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib. Bu dəyişikliklər içərisində xüsusi diqqəti cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən sonra İlham Əliyevin imzaladığı ilk fərman da vətəndaşlarımızın müəyyən qisminin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub.
Ötən bir il ərzində həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində Prezident tərəfindən sosial yönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına başlanıb".
O qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb: “Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əmək haqlarında ciddi artım baş verib. Eynilə minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək.
Eyni zamanda, Azərbaycan hökumətinin müəyyənləşdirdiyi və illər boyu həyata keçirdiyi müavinətlər, sosial yardımlar, güzəştlərlə əlaqədar imzalanan sərəncamlarla çox ciddi addımlar atılıb. Azərbaycanda bütün zümrədən olan vətəndaşlara verilən müavinət, təqaüd və güzəştlər əhəmiyyətli dərəcədə artıb.
Elə bir zümrə yoxdur ki, dövlət tərəfindən müəyyənləşdirilən təqaüd, güzəşt və yardımlarda bu və ya digər dərəcədə artımları hiss etməsin. Beləliklə, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addım atılıb”.
Baş nazirin müavini məmnunluqla qeyd edib ki, bu addımların atılması, sosial strategiyanın daha qabarıq şəkildə reallaşması, bununla əlaqədar olaraq Prezident tərəfindən imzalanan çox vacib sənədlər iqtisadiyyatımızın inkişafı ilə bağlı olan, həyata keçirilən islahatların məntiqi nəticəsinə, yekunlarına söykənir:
"İqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır. Bunun sayəsində bu ildən etibarən sosial siyasətin daha qabarıq şəkildə həyata keçirilməsi istiqamətində addımlar atılır. Hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikincisi, insanların rifahının yaxşılaşdırılmasıdır.
Əlbəttə, sevindirici haldır ki, Azərbaycanda Ulu Öndərin qoyduğu ənənəyə sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrində baş verən qanlı toqquşmalar, fəlakətlər, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev də bu xətti, strategiyanı uğurla davam etdirir”.
Ə.Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir: "Sabitlik, təhlükəsizlik ölkənin inkişafının ən ümdə əsaslarından, ilkin şərtlərindən biridir. Təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, müşahidə etdiyimiz uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir.
Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib, yeniləşib. Bu inkişaf Şəkidən də yan keçməyib. Azərbaycanın hər yerində hökm sürən inkişaf burada da özünü göstərməkdədir. Bütün bunlar daha çox insanların rahat yaşaması, layiq olduqları səviyyədə şərait və imkanların yaradılması məqsədilə baş verir. Bu mənada sabitlik, əmin-amanlıq baş verən dəyişikliklər üçün ilkin şərtdir”.
YAP-ın sədr müavini vurğulayıb ki, 2003-cü ildən prezidentlik fəaliyyətində olan İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir: “Bu istəyin həyata keçirilməsi üçün maddi bazanın yetişdirilməsi vacibdir.
İqtisadiyyatı inkişaf etdirmədən, insanları işlə təmin etmədən, onların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan resursları qazanmadan sosial rifahın yüksəldilməsi ilə bağlı arzuları reallaşdırmaq mümkün deyil. Bu, xəyaldan başqa bir şey olmayacaq.
Ona görə də 2003-cü ildən həyata keçirilən siyasətin qayəsi bu şərtləri formalaşdırmaq, bu şərtlər əsasında insanların rifah halını yaxşılaşdırmaq olub. Məhz bu şərtlər yarandığına görə artıq genişmiqyaslı sosial xarakterli islahatlar, layihələrin həyata keçirilməsinə başlanıb. Bu layihələrdən Azərbaycan vətəndaşlarının bütün təbəqələri bəhrələnir”.
İclasın davamında çıxış edən millət vəkilləri F.Heydərov, Y.Mahmudov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət haqqında fikirlərini bildiriblər./trend/