Proqnozlar özünü tam doğrultmaqdadır. Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəallaşmaqdadırlar. Bu dəfə anti-Azərbaycan qüvvələri və onların tör-töküntülərinin “yuxusuna haram qatan” hadisə Azərbaycanla Avropa İttifaqı arasında “Strateji tərəfdaşlıq sazişi”nin imzalanması prosesinin həlledici mərhələyə daxil olması ilə bağlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi Elman Nəsirov deyib.
O qeyd edib ki, məsələyə bu kontekstdə yanaşdıqda üç hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır:
“Birincisi, Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsidir.
İkincisi, Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərilməsidir.
Üçüncüsü, hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan Sərhədsiz Reportyorlar Təşkilatının 2018-ci il üçün “Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbaran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsidir.
Hadisələr arasındakı ilk baxışdan müəmmalı görünən sinxronluq ayıq-sayıq xalqımızı qətiyyən təəccübləndirmir, çünki yenə də eyni ssenari, eyni tamaşa və eyni ifaçılardır”.
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabərhüquqluluq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir:
“Bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan “Strateji tərəfdaşlıq sazişi”nin imzalama prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır. Antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişin mətni ilə tanış olmadan belə, onu tənqid atəşinə tutmaları əslində onların qurucu deyil, dağıdıcı, qaragüruhçu xislətlərinin ifadəsidir. Radikal müxalifətin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəndin guya sənəddə əks olunmamasına dair “öngörücülüyü” əslində “siyasi korluq”dan başqa bir şey deyil. Belə ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olmasını şərtlədirən kifayət qədər ciddi sənədlər mövcuddur”.
Deputat qeyd edib ki, 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə Bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi bəndi əks olunub. 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də eyni yanaşma ortaya qoyulub:
“Burada qeyd olunub ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı olaraq dəstəklənməsi əsasında inkişaf edəcək. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri David Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə də tərəfdaşların suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları – məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır”.