24 Aprel 2019 09:27
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar qeyri-adekvat çıxışlar edir. O, universitet tələbələri ilə görüşdə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərinə düşən funksiyalarından belə imtina etdiyini ortaya qoyur. Əsas məqam da ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı şəkildə müəyyən qərarlar qəbul olunmasının vacibliyini hiss edən Paşinyan bu məsələdə vətəndaşlara müraciət edir. Deyir ki, hər bir görüşə gedəndə Ermənistan vətəndaşları mənə birmənalı şəkildə bildirməlidirlər ki, mən hansı rakursdan, hansı istiqamətdən çıxış etməliyəm. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həllini Ermənistan vətəndaşlarının üzərinə qoyur.

Siyasi şərhçi Arzu Nağıyev Teleqraf.com-a açıqlamasında belə deyib.

O qeyd edib ki, burada bir sıra məqamlardan söhbət gedir:

“Bu da prosesin uzadılmasında atılan siyasi addımlardan, edilən siyasi gedişlərdən biridir. Məlum məsələdir ki, Ermənistan vətəndaşı Dağlıq Qarabağ münaqişəsini birmənalı şəkildə həll edə bilməz. Çünki Ermənistan vətəndaşını, erməniləri bir yerə cəmləyən 3 məfhum var; erməni kilsəsi, qondarma erməni soyqırımı və Dağlıq Qarabağ münaqişəsi. Bu məsələlərdə onlar birmənalı şəkildə birlik nümayiş etdirməyə çalışırlar. Paşinyan gözəl başa düşür ki, Ermənistan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə heç referendum yolu ilə də həllinə heç vaxt “hə” deməyəcək. Ona görə də məsuliyyəti öz boynundan atmaqla vətəndaşları günahlandırmağa çalışır ki, Ermənistan vətəndaşı bu problemin həllini birmənalı şəkildə Azərbaycanın xeyrinə həll etmək istəmir. Ona görə də bu cür siyasi gedişlər edir”.

A.Nağıyev qeyd edib ki, N.Paşinyanın hakimiyyətə gəlməsinin bir ilinin tamamında istər sosial-iqtisadi, istər ictimai-siyasi, istərsə də hərbi baxımdan vətəndaşa deyiləcək sözü olmadığı üçün yenə də Dağlıq Qarabağ kartından istifadə edir:

“Ancaq bu zaman bunu bir qədər fərqli formada edir; yəni məsələnin həllinə dair məsuliyyəti tam şəkildə Ermənistan vətəndaşının boynuna qoymaqla. Əsas məqam bundan ibarətdir. Yəni Dağlıq Qarabağ məsələsinin həlli uzansın, status-kvo saxlanılsın və gələcəkdə referendumun keçirilməsi ilə bağlı bir istinad nöqtəsi olsun. Əsas məqam bundan ibarətdir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ məsələsini hər hansı hökumət və baş nazirin deyil, xalqın həll etməli olduğunu bildirib. O qeyd edib ki, Ermənistan xalqı məsələnin dəqiq həll yolunu müəyyən etsə, qalan formullar asanlıqla həllini tapacaq:

“Ən qəribəsi budur ki, bizim bu mövzu ilə əlaqədar ictimai müzakirələrimiz olmayıb. Mən yeni baş nazir keçəndə bir çoxları müsahibə verirdilər ki, kimsə satqınlıq edib və sair. Lakin heç kim demirdi ki, mən danışıqlara gedən zaman arxamca belə söhbətlər niyə edilir?! Bu gün erməni xalqı baş nazirə demir ki, get danışıqlara gir və sənə verilən təlimatları əzbərləyib o qaydada həll et. Buna görə də müxtəlif söz-söhbətlər gəzir”.

N.Paşinyan onu da bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə dair onun öz baxışları var, bununla belə bu məsələdə erməni xalqının rəyi də mühüm rol oynayır.


Müəllif: Səxavət Həmid