Hazırda ABŞ-İran münasibətləri özünün ən gərgin mərhələsini yaşayır. Gərginlik hər an silahlı qarşıdurmanı tətikliyə bilər. Nə ABŞ Prezidenti Donald Tramp, nə də İran rəhbərliyi geriyə çəkilmək niyyətində deyil.
Bu fikirləri Teleqraf.com-a ABŞ-İran münasibətlərində yaranmış hərbi-siyasi vəziyyəti şərh edən politoloq Əli Abbasov deyib.
Professor əlavə edib ki, bir müddət əvvəl Rusiyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo Soçidə keçirdiyi müzakirələr zamanı İran məsələsini də qaldırıb, Rusiyanın bu məsələdə bitərəf qalmasına nail olmaq istəyib: “İndi həm ABŞ, həm də İran özünün hazırlığını görür. Yaranan konfliktin necə həllini tapacağını isə konkret demək çətindir.
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin su sərhədləri yaxınlığında 4 gəmiyə hücum olunub. ABŞ çalışırdı ki, bunu İranın üstünə atsın, ancaq buna nail ola bilmədi. Sanki göstərmək istəyirlər ki, təsadüfi hərəkət böyük müharibəyə səbəb ola bilər.
Hələlik toqquşma yoxdur, amma qarşıda ola bilər”.
Politoloq qeyd edib ki, İranın ABŞ, İsrail və ərəb ölkələri qarşısında duruş gətirmək imkanı yoxdur: “Bir tərəfdə ABŞ və İsrail durur. Başqa ölkələr isə fərqli mövqedən çıxış edir, müharibə istəmirlər. Rusiya isə hesab edir ki, İran-Amerika münasibətləri nə qədər pis olsa bu, Rusiya üçün bir o qədər yaxşıdır. Odur ki, Rusiya İranı dəstəkləməyə başlayacaq.
Çin də əslində ABŞ-a qarşıdır. Ancaq o da problemin hərbi yolla həllini istəmir. Çin indiyə qədər İrandan neft alır. Ancaq sabah müharibə başlasa Çin İrana dəstək və yardım etməyəcək”.
Əli Abbasov qeyd edib ki, hazırda İrana qarşı müharibənin olacağı gözlənilmir, amma bölgəyə silahın toplanması da nəzərdən qaçmır: “Çox güman ki, tərəflər arasında insident olacaq. Bundan sonra tərəflərin özlərini necə aparacağı maraqlıdır. Hər halda indi ABŞ prezidenti Tramp özünün milli təhlükəsizlik müşaviri Boltonun İran məsələsini silah və müharibə yolu ilə həll edilməsi təklifini qəbul etmir. Ancaq geri də çəkilmək istəmir. Mən vəziyyətin kəskinləşəcəyini gözləyirəm”.