"Tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. Məlum olduğu kimi, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Fuad Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün Feysbuk səhifəsində çıxış edib.
Ə.Amaşov qeyd edib ki, məsələ ilə bağlı jurnalistin vəkili Elman Paşayevlə əlaqə saxlayıblar: " Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, Fuad Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaqdır".