23 May 2019 09:01
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı Türkiyə- ABŞ münasibətləri, ələlxüsus, Türkiyəyə qarşı sanksiyalar təəssüf doğurur. Münasibətlərin belə vəziyyəti Türkiyə iqtisadiyyatı üçün mənfi fəsadlara səbəb olacaq. İki müttəfiq arasında belə münasibətlərin olması bir sıra sahələri əhatə edəcək və Türkiyənin hərbi təchizatı məsələsində də problemlər yaranacaq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi və iki müttəfiq ölkə münasibətlərində yaranan gərgin durumu şərh edərkən bildirib.

Onun sözlərinə görə, münasibətlərdə yaranan gərginlik danışıqlar və dialoqlar vasitəsilə öz həllini tapa bilər: “Bu istiqamətdə isə ciddi işləmək lazımdır. Mənə elə gəlir ki, indi Türkiyənin siyasəti bir çox ölkələrdə NATO müttəfiqləri arasında həyəcan yaradır. NATO-da ən böyük ölkələrdən olan Türkiyənin məhz Rusiya ilə hərbi sahədə əməkdaşlıq etməsi narahatlığı artırır və gələcəkdə digər NATO ölkələri ilə Türkiyə siyasətində problemlər yarada bilər”.

Asim Mollazadə xatırladıb ki, əslində Amerika tərəfi S-400 əvəzinə özünün “Patriot” sistemini və qırıcı təyyarələrini təklif edib: “Məncə, Türkiyə müttəfiqlər arasında yaranan problemi danışıqlar yolu ilə aradan qaldırmağa çalışmalıdır”.

Bununla belə Mollazadə hesab edir ki, ABŞ və onun müttəfiqlərinin Suriyadakı PYD, PKK məsələsində Türkiyəyə qarşı ədalətsiz davranış nümayiş etdirir: “Məncə, bu Türkiyəyə qarşı haqsızlıqdır. Amma unutmaq lazım deyil ki, PKK ilə ən yaxın əməkdaşlıq edən ölkə keçmiş SSRİ, Rusiya olub. Türkiyə müstəqilliyini qorumaqla yanaşı strateji münasibətlərlə əlaqələri pozmamalıdır. Bu, Türkiyəyə lazım deyil. Mən ümid edirəm ki, Türkiyə NATO-dakı müttəfiqləri ilə əməkdaşlıq və yaxınlaşma siyasəti aparacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər