Tereza Mey baş nazir olduğu gündən necə deyərlər, ipdən asılı vəziyyətdə idi. Yəni, o qədər də ciddi mövqeyi, parlament dəstəyi mövcud deyildi. Mətbuatda tez-tez onun bu gün-sabah istefaya gedəcəyinə dair məlumatlar dərc olunurdu. Mey Breksitin, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxaraq müstəqil yaşamasına dair xəttin tərəfdarlarından idi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabilı Hüseynli deyib.
O qeyd edib ki, uzun müddətdir Britaniya əhalisi onun Breksitlə bağlı tutduğu mövqeyə qarşı mübarizə aparırdı:
“Bu mübarizənin tərəfdarlarının sayı getdikcə artırdı. Son dövrlərdə keçirilən rəy sorğularının hər birində İngiltərənin Avropa İttifaqından çıxması əleyhinə olanların sayı artıq 60 faizə yüksəlmişdi. Bütün bunlar Meyin sosial dayaqları zəif olduğunu göstərirdi. Bu, partiyadaxili münasibətlərdə də özünü biruzə verirdi. Belə ki, partiya daxilində də müəyyən şaxələnmələr əmələ gəlmişdi. Bir müddət öncə Mey hökumətinin üzvü olan bir neçə nazir istefa verdi. Bu istefalar ona bir növ xəbərdarlıq idi. Yəni, artıq görmək olurdu ki, “hökumətin dizləri titrəməkdədir” və baş nazirin istefa verməsinə bir şey qalmayıb”.
Q.Hüseynli bildirib ki, bundan əvvəl T.Meyin Avropa İttifaqı rəsmiləri ilə bir sıra polemikaları oldu:
“O, bu polemikalarda ölkəsini Avropa İttifaqından çıxarmağın daha məqbul, eyni zamanda daha ucuz yolunu tapmağa çalışdı. Çünki Avropa İttifaqından çıxmaq üçün müəyyən bir məbləğ ödənilməlidir. Məbləğ də kifayət qədər böyükdür. Mey bunu azaltmağa, Angela Mekellə, Emmanuel Makronla dil tapmağa çalışsa da, alınmadı. Hökumətin bir neçə üzvünün istefa verməsi də elə bununla bağlı idi. İndi isə final baş verdi. Belə görünür ki, Mühafizəkarlar Partiyasının və hökumətin Avropa İttifaqı ilə bağlı siyasəti tamamilə iflasa uğrayıb. Hətta mən deyərdim Avropa İttifaqından çıxmamaq, lazım gələrsə, Böyük Britaniyanın ittifaqdakı əvvəlki mövqeyini qoruyub saxlamaq üçün yeni referendum da keçirilə, çoxluğun istəkləri yerinə yetirilə bilər. Böyük Britaniya çətin dönəmdən keçir, əsas məsələ bu çətin dönəmdən minimum itki ilə çıxmaqdır”.