Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbulu keçirildi.
Rəsmi qəbulda dövlətimizin başçısı geniş nitqlə çıxış etdi. Ölkə rəhbəri nitqində həm Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və gördüyü işlərə, onun süqut etməsini şərtləndirən amillərə, 1991-ci ildə ölkəmizin müstəqillik əldə etməsindən sonra qazandığı uğurlar, bu gün dünyada baş verən hadisələrə toxundu, ölkəmizin iqtisadi inkişafından bəhs etdi, həmçinin torpaqlarımızın uzun illərdir işğal altında qalmasına rəğmən dövlətimizin və xalqımızın bununla barışmadığını və barışmayacağını vurğuladı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycan son illərdə böyük inkişaf yolu keçib, iqtisadi və siyasi sahədə mühüm uğurlar əldə edib:
“Dünyanın müxtəlif bölgələrində müşahidə olunan mənfi proseslərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. Qazanılmış bu iqtisadi uğurlar əsasında Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı böyük sosial layihələr icra olunur. Həmçinin, Azərbaycan beynəlxalq aləmdə mövqeləri güclənir. Bütün bunlar həm Azərbaycan vətəndaşlarını sevindirən hallardır. Həm də onu qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası bu gün böyük inkişaf yolundadır. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan müstəqil dövlət kimi günü-gündən güclənir”.