31 May 2019 18:40
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” klubu futboldan daha çox siyasi spekulyasiya ilə məşğul oldu və nəticədə acı məğlubiyyətə uğradı. Bir daha təsdiq olundu ki, hər sahənin peşəkarı gərək öz sahəsi ilə məşğul olsun. Futbolu siyasiləşdirmək istəyənlər nəticə etibarilə həm peşəkarı olmadıqları siyasət sahəsində, həm də öz peşəkar fəaliyyətləri olan futbolda məğlubiyyətə düçar oldular.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, burda bir ilahi ədalət və məntiq var:

“Arsenal” final görüşünə hazırlaşmaq əvəzinə, daha çox bunun ətrafında siyasi spekulyasiya yaratdı və futbol yaddan çıxdı. Ona görə də məntiqi nəticə bu oldu ki, məğlubiyyətə uğradılar. Əlbəttə, biz oyunu maraqlı adlandıra bilərik, amma bu bütovlükdə 90 dəqiqəlik oyunun cəmi 15-20 dəqiqəsinə aiddir. Hər şey bu dəqiqələrdə həll olundu”.

H.Babaoğlu qeyd edib ki, ancaq bununla belə ən çox yadda qalan həm də ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşması idi:

“Bakı Olimpiya Stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu. Azərbaycanın bu mötəbər oyunu təşkil etməsi, bunun nə qədər yüksək səviyyədə olmasını bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Azərbaycan son illərdə sürətlə inkişaf edir. Ölkəmiz daxili və xarici siyasətdə mühüm uğurlar qazanır. Bu inkişaf və uğurlar özünü ölkə həyatının bütün sahələrində nümayiş etdirir. “Avroviziya” mahnı yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, çoxlu sayda nüfuzlu beynəlxalq forumlar, konfranslar ölkəmizdə düzənlənir. Bu siyahıya UEFA Avropa Liqasının final oyunu kimi mühüm beynəlxalq tədbirin də əlavə olunması yürüdülən düzgün siyasətin daha bir göstəricisidir. Bu yarış ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan xalqının sivil, mədəni xalq kimi bir daha dünya birliyində tanıdılmasına xidmət etdi. Heç şübhəsiz ki, bu da cənab Prezidentin düzgün, ardıcıl və məqsədyönlü siyasətinin daha bir nəticəsidir”.

H.Babaoğlu, həmçinin bildirib ki, bu yarışın yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi olmaqla yanaşı futbol bayramı ərəfəsində informasiya məkanında daha çox siyasi spekulyasiya ilə məşğul olanların da acı məğlubiyyətidir:

“Eyni zamanda bəlli oldu ki, final görüşü ərəfəsində təhlükəsizlik məsələləri, Henrix Mxitaryanla bağlı futboldan kənarda yaradılan spekulyasiya sabun köpüyü idi və final oyunundan dərhal sonra dağılmış oldu. Azərbaycanda yüksək təhlükəsizlik tədbirləri görülmüşdü, biz bu idman bayramına yüksək səviyyədə hazırlaşmışdıq və nəticə göz önündədir. Düşünürəm ki, bu, Azərbaycanın uğuru, nailiyyəti, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların isə məğlubiyyətidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər