7 İyun 2019 15:42
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya nümayəndələri Qüdsdəki görüşdə bölgədəki vəziyyəti müzakirə edəcək. Təkcə İran məsələsi yox, İraq, Yəmən və Suriyadakı vəziyyət, habelə İŞİD-ə qarşı mübarizə məsələləri ətrafında danışılacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Ekspertin fikrincə, Amerika və Rusiya nümayəndələrinin Qüds görüşündə İran məsələsi ön planda olacaq:

“Məlumdur ki, Rusiya İranı ciddi-cəhdlə müdafiə edir və bunun bir sıra səbəbləri var. Amma tarixi təcrübə göstərir ki, Rusiya İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 3 qətnaməsinə dəstək verib.

Rusiyanın özü isə Krımı ilhaq etdi və Ukraynanın şərqində separatçılara dəstək verdi, bu dəstəyi indi də davam etdirir. Bundan əvvəl – 2008-ci ildə isə Gürcüstanın iki ərazisinin müstəqillik cəhdinə dəstək verməklə, bu bölgələri işğal etdi. Bu gün situasiya dəyişib, Rusiyanın özü İranla bərabər sanksiyaya məruz qalan ölkələrdən biridir. Bununla belə, Rusiya geri çəkilmir, İranı müdafiə etməkdə davam edir. Amma ehtimal etmək olar ki, Rusiya Qüdsdəki görüşdə ABŞ-la İran məsələsində bazarlıq etməyə çalışacaq. Yəni, Rusiya İranı sata bilər. Bundan başqa xəbər yayıldı ki, Rusiya İrana satmaq istədiyi “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükünü dayandıracaq. Buna səbəb kimi də göstərildi ki, Rusiya bölgədə əməkdaşlıq etdiyi ərəb dövlətləri ilə münasibətlərini korlamaq istəmir. Rusiya çalışır ki, bu məsələdə İran və ərəblər arasında tarazlığı qoruya bilsin”.

Sədrəddin Soltan hesab edir ki, görüşdən sonra Rusiya seçim qarşısında qalacaq:

“Bütün bunların hamısının başında, Rusiyanın İran məsələsində ABŞ-la eyni xətdə durub-durmayacağı dayanır. Şübhəsiz ki, bu görüşdə Rusiyanın nümayəndəsinə vəziyyət çatdırılacaq. İzah olunacaq ki, Rusiya İrana dəstəyi israrla davam etdirsə, yaxın gələcəkdə vəziyyəti daha da ağırlaşacaq. Həqiqətən də, Rusiyanın sosial-iqtisadi və maliyyə durumunda geriləmələr müşahidə olunur. Rusiyalı ekspertlər bu böhranın 2025-ci ildən sonra aradan qalxacağını ehtimal etsələr də, mövcud vəziyyət getdikcə ağırlaşır.

Rusiya prezidenti neftin 70 dollara satılacağını gözləsə də, bu ehtimal 60-65 dollara enib. Yəni, Rusiya neftin ucuzlaşması ilə barışmağa məcbur edilir. Buna görə də, Rusiya bölgədəki mürtəce rejimlərə verdiyi dəstəkdən imtina etməyə, Amerikanın düşmənlərinə qarşı mübarizəyə çağırılacaq. Bu rejimlərdən biri də, İranın indiki dini-siyasi hakimiyyətidir. İndi də, Rusiyaya seçim etmək təklif olunur. Ya İrandakı rejimin dəyişdirilməsinə yardım etməlidir, ya da İranla eyni mövqedə dayanıb onunla birlikdə sanksiyalara və təzyiqlərə məruz qalmalıdır. Buna görə də, düşünürəm ki, Qüdsdə Rusiyaya bununla bağlı seçim təklif olunacaq”.

Qeyd edək ki, ABŞ prezidentinin müşaviri Con Bolton yaxın vaxtlarda İsrailin Yerusəlim (Qüds) şəhərində Vaşinqton və Moskva nümayəndələri arasında görüşün keçiriləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər