19 İyun 2019 11:57
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasiyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi:

“2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən, Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin I rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir”.

T.Mirkişili qeyd edib ki, dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı:

“Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur. Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Xatırladım ki, minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbçilərin və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2,3 faiz) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq”.

Deputat əlavə edib ki, bütövlükdə prezident sərəncamları ilə əməkhaqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq:

“Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi aktivliyi artıracaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər