“İran-ABŞ gərginliyi yeni mərhələyə keçib. İyunun 20-də ABŞ-ın İran sərhədlərini pozan Pilotsuz Uçan Aparatı (PUA) vuruldu. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq, İrana zərbə endiriləcəyini bildiridi, lakin son anda bu qərarından daşındı. Yəni, İran-ABŞ gərginliyi getdikcə böyüməyə başlayır”.
Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.
Ekspertin fikrincə, ABŞ İranı yox etmək strategiyası yürüdür, bu siyasətini də İran iqtisadiyyatını sanksiyalarla zəiflətməklə həyata keçirir:
“Lakin İranı bir dövlət olaraq yox etmək asan məsələ deyil. Çünki İran da güclü dövlətdir və ABŞ-ın sanksiyalarına qarşı dözüm nümayiş etdirə bilir. İran 40 ildir bu sanksiyalara məruz qalmasına baxmayaraq, ayaqda dura bilir. Amma əvvəlki illərlə müqayisədə İranın vəziyyəti daha ağırdır. Çünki İran ABŞ-la yanaşı, İsrailin də təzyiqlərinə məruz qalır. Buna adekvat olaraq, bölgənin digər dövləti Səudiyyə Ərəbistanı da İrana qarşı çıxış edir.
Amma hesab edirəm ki, bu məsələdə İran-İsrail münasibətləri əsas rolu oynayır. Çünki İsrailin Yaxın Şərqdə həyata keçirmək istədiyi planlara əsasən, Tehran mane olmağa çalışır. Bu gərginlikdə də, ABŞ İsrailə bütün yardımları edir. Məlumdur ki, İran Trampın yeni planını üzə çıxardı. Bu plan da Fələstinin bölünməsini və tamamilə yox edilməsini özündə əks etdirir”.
Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ-İran savaşı Üçüncü Dünya Müharibəsinə çevrilə bilər: “Trampın özü də çıxışlarından birində bunu etiraf etmişdi. Buna görə də İrana hücum planından son anda imtina etdi. Hesab edirəm ki, İran-ABŞ savaşı təkcə bu iki ölkəyə yox, regionda olan və onun ətrafında olan bütün dövlətlərə təsir edəcək”.
Politoloq ABŞ-ın da təzyiq altında olduğuna diqqət çəkib:
“Avropa dövlətləri dünyanı müharibəyə sürüklədiyinə görə Trampa təzyiq edir. Avropanın bu məsələdə İranı dəstəkləməsi Trampa verilən bir siqnaldır ki, bununla onu münaqişə yaradan tərəf kimi gördüklərini çatdırır. Yəni, ABŞ indiki məqamda Üçüncü Dünya Müharibəsini yaradan tərəf kimi görünür. Buna görə də Tramp bu ağır məsuliyyəti öz üzərinə götürmək istəməz. ABŞ digər tərəfdən isə İsrailin təzyiqi altındadır, buna görə də Amerika çətin vəziyyətdə qalıb. Amma öz qərarlarında dəyişkən olan Trampın hansı addım atacağı bəlli deyil. Onun da əsas məqsədi ABŞ-ı yüksəltməklə bütün dünyaya hegemonluq etməkdir.
Lakin ortada Rusiya faktoru var. Rusiyanın İranı dəstəkləməsi, ABŞ üçün savaşdan çəkindirici faktor sayıla bilər. Trampın da belə bir riskə getməsi təkcə onun karyerası üçün yox, ABŞ üçün də ciddi problemlərə yol aça bilər. Lakin buna baxmayaraq, ABŞ-İran münasibətləri pisləşməyə doğru gedir. Bu gərginlikdə İsrail faktoru əsas rola malikdir. Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlər bölgədə İranın zəifləməsinə çalışırlar. Buna görə də gərginliyin uzun müddət davam edəcəyini düşünürəm. Savaşın başlayacağını düşünmürəm, amma bu dövlətlər İranı neytrallaşdırmaq üçün hansısa formada addım ata bilərlər”.