Teleqraf.com “Ayna"-"Zerkalo” qəzetlərinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
- Elçin müəllim, Yaponiyada baş tutan və dünyanın problemlərinin müzakirəsinə həsr olunan Böyük İyirmilik (G20) dövlət başçılarının toplantısının nəticəsi nədən ibarət oldu?
- Əslində diqqət etdinizsə Osakada keçirilən zirvə toplantısında Yaponiya baş naziri dedi ki, 2050-ci ildə ekologiya və təbiətlə bağlı bir iş görəcəyik. Yapon baş nazirin sammitə verdiyi qiymət bundan ibarət oldu. Yəni boş bir məsələ idi. G-20 toplantısı Trampın digər ölkələrin liderləri ilə görüşüb müzakirə aparması üçün bir bəhanə idi. Heç bir razılığa gəlinmədi. Sadəcə olaraq Tramp Rusiya jurnalistinin bir sualına cavab verib, dedi ki, Putin əla oğlandır. Ərdoğanla bağlı deyib ki, günah Barak Obamada olub, zamanında Türkiyəyə lazım olan silah satılmayıb.
İndi gedib Kim Çen İnlə söhbət edir. İranla bağlı bir nəticəyə gəlinməyib. Eləcə də Suriya məsələsi açıq qalıb. Putin bildirib ki, neynəyirəm düz edirəm. Tereza Mey bizə necə münasibət bəsləyirsə, bizdə ona adekvat olacağıq. Əslində G-20 sammiti və ondan əvvəl AŞPA-nın Rusiyanın yenidən üzvlüyünə qəbul etməsi göstərir ki, Rusiya, konkret olaraq Putin geri dönür. Mən başqa nəticə görmədim. Əslində sammit dünyanın qarşısında duran qlobal və regional problemlərin heç birini həll etmədi.
- Türkiyə və Amerika prezidentlərinin görüşünün hansı nəticələri olacaq?
- Əvvəla onu qeyd edim ki, ABŞ Konqresinin çoxsaylı üzvləri, ümumiyyətlə, Trampın Putinlə görüşünü sərt formada tənqid edir, deyirlər ki, Tramp özünü diktatorla belə aparmamalıdır.
İkincisi, Trampın xarici siyasətini ABŞ özündə ölkə üçün biabırçılıq hesab edirlər. Üçüncüsü, Tramp bu gün bir söz deyir, sabah gedib Vaşinqtonda başqa söz deyəcək. Odur ki, mən ciddi bir nəticə görmürəm. Açıqlamalardan, verilən şərhlərdən görünür ki, ortada real bir razılaşma yoxdur. Ola bilsin ki, səhnə arxasında danışıblar, ancaq bu da inandırıcı deyil.
Tramp - Ərdoğan görüşündə əsasən S-400 kompleksləri və F-35 model təyyarələri müzakirə oluna bilərdi. Sözsüz ki, Türkiyə S-400 komplekslərini alacaq. ABŞ-ın onlara F-35 təyyarələri verib-verməyəcəyi isə sual altındadır və böyük ehtimalla Türkiyəyə son model olan belə təyyarələri verilməyəcək. Dünən mən Rusiya kanalında Nailə Əsgərzadənin bu ölkənin əsas silah satan şirkətlərindən birinin rəhbəri ilə müsahibəsində “yeni texnologiyaları, S-400 komplekslərini satırıq, bəs özümüz nə edəcəyik” sualını verdi. Silah satışı şirkətinin rəhbəri də vurğuladı ki, satdıqlarımız köhnə silahlardır, yeni modifikasiya S-400 komplekslərini ancaq öz ordumuza veririk. Yəni Rusiya artıq ona təhlükə yaratmayan silahları başqalarına satır.
Siz diqqət etdinizsə, Putin Osakoda Ərdoğanla görüşü zamanı dedi ki, ötən il 6 milyon rus turist Türkiyəyə gəlib və orada 7 milyard pul xərcləyib. Yəni demək istədi ki, S-400 kompleksini almasanız və yenidən ABŞ-la eyni mövqedən çıxış etməyə başlasanız daha 6 milyon turist gəlməyəcək.
Yəni onların münasibəti ancaq ticarətdir, puldur. Hesab edirəm ki, dünyanın gələcəyi, indiki problemlərin həlli baxımından heç bir qərar və nəticə olmadı.
- Çin və Amerika liderləri arasında aparılan görüşlər iki ölkə arasında mövcud olan problemləri aradan qaldırdımı?
- Onlar müzakirə aparır, amma hər biri öz marağını güdür. Sözsüz ki, indi Çində böyük irəliləyişlər var, texnologiya sürətlə inkişaf edir. Çin həm istehsal, həm də istehlak baxımından dünyada ən böyük bazardır.
Tramp da Amerikanı daha çox şirkət kimi işlədir. Fikir verirsinizsə, ancaq iqtisadi sanksiyalar tətbiq edir. Kanadadan və Almaniyadan polad ixracını dəstəkləmir, Çindən gələn mallara əlavə gömrük rüsumu tətbiq edir, Avropa Birliyi ilə ticarət müharibəsinə gedir. Əslində Donald Tramp Avropa Birliyi ilə ticarət müharibəsinə başlamasa idi, Avropa Şurası Parlament Assambleyası Rusiyanı geri qəbul etməzdi. Bunlar bir-birilə bağlı məsələdir. İndi Rusiyanı yenidən sırasına qaytarmaqla Avropa Şurası bir növ Rusiyanın işğalçılıq siyasətinə göz yummuş oldu.
Yəni Krımı tutsanız da münasibətləri davam etdirək. Amma sabah ruslar gedib Londonu tutanda bilmirəm nə edəcəklər. Mən bu baxımdan çox bədbinəm. Rəhmətlik anam deyirdi ki, ay bala, sağa-sola baxıram və görürəm ki, özümüzdən yaxşısı yoxdur. Bu mənada indi dünyada ortalıqda ağıllı adam yoxdur.
- Siz hesab edirsiniz ki, Avropa Rusiyanın Krımı ilhaq etməsini və Donbasda separatizmi dəstəkləməsini güzəştə gedərək Moskva ilə barışır?
- Bəli, faktiki olaraq barışdı, razılıq oldu. Ancaq bunun davamı da gələcək. Hesab edirəm ki, bu Moskva hökumətinin əlinə işlədi, bir növ Putinin geriyə dönüşüdür.
- Düşünürsünüz ki, yeni təcavüzkar addımlar da ola bilər?
-Təcavüz olmasa da, Putin dediyini yeridəcək. Çünki ona bu imkanı yaratdılar. Bu gün, sabah ətrafında nə istəsə edəcək. Mən MDB-ni nəzərdə tuturam. Fikrimcə, əgər istəsə MDB-də qatma-qarışıqlıq yarada bilər. Dünən Kiselyovun proqramına baxırdım, təsəvvür edin ki, artıq Türkiyəyə girişiblər və Batumidən ürəkbulandıran reportaj verdilər. Yəni türklər Batumini müsəlmanlaşdırıb, daxili pasportla Batumiyə rahat gəlib-gedirlər və hər şeyi də əllərinə alıblar. Batumi artıq Gürcüstan deyil və Türkiyənin şəhərlərindən birinə çevrilib. Təxminən belə bir mövqe. Təsəvvür edin.
- Rusların başında dayandığı və memarı olduğu konfliktlərin həlli prosesi uzanacaq?
- Məncə, uzun çəkəcək. Qənaətimcə, Ukraynada proseslər daha da gərginləşəcək. Mən Donetskidə vəziyyətin kəskinləşəcəyini nəzərdə tuturam. Moldovada da eyni proses gedə bilər. Gürcüstanda vəziyyət ortadadır və müdaxilələri mümkündür. Bizim də problemimiz məlumdur.