Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan 2016-cı il aprel ayında Azərbaycanla baş vermiş döyüşlər barədə hesabat vermək üçün parlamentə dəvət edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, dörd günlük döyüşlərdə Ermənistan ordusunun ağır məğlubiyyətinin səbəbləri barədə dönəmin Ermənistan prezidentindən izahat tələb olunacaq.
Qəzet yazır ki, aprel döyüşləri ilə bağlı qurulmuş xüsusi komissiya erməni ordusunun məğlubiyyəti və həmin dönəm Ermənistana rəhbərlik etmiş şəxslərin buradakı rolunu araşdırır:
“Sərkisyanın iştirak edəcəyi toplantıdan əvvəl kənara məlumat sızdırmamaq üçün iştirakçıların telefonları yığılacaq. Toplantı media və ictimaiyyətə qapalı keçiriləcək”.
“Joxovurd” qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi aprel döyüşlərinə görə komissiyaya ayrı-ayrı dövlət rəsmiləri və sabiq nazirlərin olduğu siyahı göndərib. Siyahıda Serj Sərkisyanın da adı var: “Komissiya “Qarabağ rəhbərliyi”ni də görməzdən gəlməyəcək. Onlar da 2016-cı il olayları haqda izahat vermək üçün Ermənistan parlamentinə dəvət ediləcək”.