1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ili tamam olur. Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gələndə ölkənin birinci dövlət başçısı kimi Azərbaycanı idarə etmək məsuliyyətini öz üzərinə götürdü. Həmin dövrün özünün spesifik cəhətləri, yanaşma və məhdudiyyətləri var idi. Bütün bunları incəliklərinə qədər bilən ulu öndərimiz Sovet hakimiyyətinin verdiyi və bəzən verə bilmədiyi imkanlardan istifadə edib Azərbaycanı qısa zaman kəsiyində geridə qalmış aqrar ölkədən sənaye-aqrar ölkəyə çevirdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Azərbaycan 15 respublikanın içində iqtisadi, mədəniyyətin inkişafı, sosial cəhətdən ən öndə gedirdi: “Azərbaycan artıq ulu öndərimizin layihələri sayəsində təkcə neft-emal edən ölkə kimi tanınmırdı, həm də ciddi sənaye sahələri yaradılmışdı. Kondisioner zavodu kimi müəssisə ölkəmizə gətirildi, sənayenin və iqtisadiyyatın yeni sahələri yarandı, işsizlik demək olar yox dərəcəsində idi. Rayonlar SovİKP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosu və Nazirlər Kabinetinin birgə qərarı ilə heyvandarlıq, bitkiçilik, tütünçülük, üzümçülük üzrə ixtisaslaşdırıldı, bu, özünü kənd təsərrüfatının inkişafı ilə yanaşı kəndlilərin sosial vəziyyətində də göstərdi. Palçıqdan tikilmiş evlər kərpic evlərlə əvəz olundu, kəndlər şəhərlər qədər intibah dövrü yaşadı, abadlaşdırıldı, yollar çəkildi”.
Fəzail Ağamalı qeyd edib ki, paytaxt Bakının da yenidən qurulmasının əsası qoyuldu, yeni yaşayış massivləri tikildi.
Deputat bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməl daşının qoyulması və möhkəmlənməsində ciddi rol oynayan işlərə imza atıb: “O zaman azərbaycanlı balalarının hərbi təhsilində böyük problemlər var idi. Moskva bir qayda olaraq Rusiya, Ukrayna, Belarus, xristian ölkələrinə etimad göstərirdi, bu ölkələrdən olan insanların hərbi təhsil alması tam təmin olunurdu, amma Orta Asiya ölkələrinə tamamilə fərqli yanaşma vardı. Məhz Heydər Əliyev bu yanaşmanı dəyişərək Cəmşid Naxçıvanski kimi hərbi liseyi təsis etdi, məzunları isə Rusiya, Ukraynanın ən yüksək səviyyəli ali hərbi məktəblərinə zabit kimi göndərdi. Bu gün hərbi strukturlarımızda həmin dövrdə təhsil alan general, polkovniklər səviyyəsində olan 50-dan çox soydaşlarımız təmsil olunur”.
Fəzail Ağamalı azərbaycanlıların ölkədəki ali məktəblərdə olmayan ixtisaslara yiyələnməsi üçün SSRİ-nin ən üstün ali təhsil müəssisələrində oxumağa göndərilirdi: “Həmin şəxslər indi də Azərbaycan dövlətçiliyinə öz töhfəsini verməkdədir. Ulu öndərimizin ən mühüm xidmətlərindən biri Azərbaycan dilinin inkişafına xüsusi diqqət göstərməsi, milli məfkurə və şüurun artmasına zəmin yaratması idi. 1969-cu ildə inqilabi addım atdı, Bakı Dövlət Universitetinin yaranmasının 50 illik yubileyində Azərbaycan dilində məruzə etdi ki, bu, görünməmiş hadisə idi.
Çünki bütövlükdə Sovet respublikaları üçün yasaq edilmiş yanaşma idi. O sərhəddi də aşdı, Azərbaycan dilində çıxış etməklə, elmin qarşısında duran vəzifələrdən danışmaqla əslində milli təfəkkürün inkişafını stimullaşdırdı. 1960-cı illərdə Anar, Məmməd Araz, Xəlil Rza Ulutürk, Ramiz Rövşən, Nüsrət Kəsəmənli kimi nəhəng, azadlıq fədailərimiz, inqilabi şairlərimiz, yazıb-yaradırdılar. Bəxtiyar Vahabzadənin ulu öndərimizin hakimiyyəti illərində yaradıcılığının xüsusi istiqaməti milli təfəkkürün inkişafına təsir göstərə bilən poemaları, şeirləri idi. 1970-ci ildə Şəhriyarın şeirlərindən ibarət toplu Həmid Əliyevin tərcüməsi ilə təqdim olundu. Topluda yer alan “Azərbaycan” şeirini cənub üçün yazmışdı, həmin dövrdə bu şeir şimali Azərbaycan üçün də çox aktual idi. Bununla da ölkədə milli şüurun inkişafı geniş kök saldı. Heydər Əliyevin səpdiyi toxum 1990-cı ilin axırı 1991-ci illərin əvvəllərində öz bəhrəsini verdi”.
O, mərhum prezident Əbülfəz Elçibəyin həbsi ilə əlaqədar epizodu da xatırladıb: “1975-ci ildə rəhmətlik Əbülfəz Elçibəy anti-Sovet fəaliyyətinə görə istintaqa cəlb olunmuşdu, mən də Naxçıvandaydım, Bakıya dindirilmək üçün gətirildim. Əbülfəz Elçibəyi 10 il həbs cəzası və sürgün gözləyirdi, bizim kimi tələbələri də həbs edəcəkdilər, Heydər Əliyevin səyi və tapşırığı ilə buna son qoyuldu, Əbülfəz Elçibəyə cəmi il yarım iş verildi, onlarla tələbə isə həbsdən azad olundu. Lakin yenə də biz həmin ideyaları içimizdə daşımaqdaydıq. Əbülfəz Elçibəyin istintaqında dövlət ittihamçısı kimi çıxış edən Yamən Yusifov təqribən 5 il əvvəl müsahibəsində bəzi detalları açmışdı, onunla görüşəndə dedi ki, məni də, məhkəmənin sədrini çağırıb tapşırıq verdi ki, Elçibəyin uzunmüddətli həbsi ilə bağlı müddəa çıxarılsın və istintaq ən az maddə ilə yekunlaşsın.
Bu, faktdır. Ulu öndərimizin bu günümüzə yönələn xidmətləri idi. Həmişə deyirəm ki, bizim içimizdə ən böyük istiqlalçı Heydər Əliyev idi. Hakimiyyətinin birinci ilində etdiklərinin bəhrəsini gördü, 1993-cü il iyunun 15-də öz əqidəsini, məsləkini, amalını yerinə yetirmək üçün tanrı ona yenidən şans verdi. Bu şans Azərbaycan xalqını böyük fəlakətlərdən qurtardı. Hər zaman olduğu kimi Azərbaycan xalqı yaşadıqca ulu öndərimizin xidmətləri qarşısında baş əyəcək”.