Biz ciddi ittihama deyil, əsassız uydurmaya cavab verə bilərik. Mən dəfələrlə müşahidə etmişəm və gəldiyim qənaət belədir ki, bu tip uydurmaları əsasən, iki kateqoriyadan olan şəxslər irəli sürür.
Bu fikirləri Teleqraf.com-a sabiq prezident Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləmiş Arif Əliyev “Elçibəyin KQB agenti” olması haqda Leyla Yunusun ittihamlarına cavab verərkən deyib.
Arif Əliyev bildirib ki, bu cür uydurmaları bir qrup şəxslər sadəcə, gündəmə gəlmək və gündəmdən düşməmək naminə səsləndirir. Onun fikrincə, bu cür şəxslərin uydurmaları özləri kimi qısa müddət sonra yox olur: “İkinci qrup adamlar isə sadəcə heyf çıxmaq naminə belə uydurmalar səsləndirirlər. Təəssüflər olsun ki, heyf çıxanların ya həmin dövrdə uğursuzluqları olub, ya da onların xətti ciddi şəkildə Elçibəy xəttinə məğlub olub. Bu səbəbdən də heyf çıxırlar. Əlavə edim ki, bu insanlar əslində eyni adamlardır və vaxtaşırı eyni uydurmaları təkrar-təkrar səsləndirirlər”.
Arif Əliyev əlavə edib ki, son uydurmadan xəbər tutan kimi cavab vermək haqqında düşünüb: “Ancaq sonra gördüm ki, bu uydurmaya kifayət qədər insanlar reaksiya verdi. Bu ittihamlarda əslində sözdən başqa heç nə yoxdur ki, ciddiyə alasan. Elçibəyə belə uydurmalar yapışmaz. Əslində 10 bundan əvvəl Elçibəy haqqında ittihamlar səsləndirənlər indi onun müdafiəçisinə çevriliblər. Düşünürəm ki, yaxın gələcəkdə tarix özü Elçibəyin ittihamlar və şübhələrdən uzaq bir siyasi xadim olduğunu göstərəcək, habelə Azərbaycan qarşısında nə dərəcədə xidmətləri olduğu ortaya çıxacaq”.