25 İyul 2019 09:05
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən günlərdə yenidən başlayan Çernobıl müzakirələri ilə gündəmə gələn SSRİ texnologiyası haqda məlumatlar o qədər də çox və birmənalı deyil. Bunlardan biri də kompüter texnologiyası ilə bağlıdır. Araşdırmaçılara görə, kosmos fəaliyyətlərindən kənd təsərrüfatı sahəsinədək bir çox uğura imza atan SSRİ üçün kompüter texnologiyası da yad olmayıb. İddiaya görə, Sovet kompüter texnologiyasının tarixi Qərb dünyasının bu sahədəki araşdırmalarından əvvələ təsadüf edir.

Teleqraf.com xəbər verir ki, SSRİ-də diferensial tənlikləri həll edə bilən ilk kompüter 1936-cı ildə istehsal edilib.

Həmin texnologiyanın əsas funksiyası su axınına avtomatik nəzarəti təmin etmək idi. Sovetin kompüter sahəsindəki uğuru bununla məhdudlaşmır. Hazırda istifadə etdiyimiz müasir kompüterlərin ilki 1950-ci ildə yenə də SSRİ-də hazırlanıb.

1984-cü ildə SSRİ-də 300.000 aktiv proqram vardı

Sonrakı illərdə SSRİ alimləri Aya raket göndərmək məqsədilə avtomatik kompüter proqramları hazırladı. Məsələn, 1984-cü ildə SSRİ-də 300.000 ədəd aktiv kompüter proqramı olub. 1990-cı illərdə Azərbaycanda da məşhur olan “Tetris” oyununun müəllifi kompüter mühəndisi Aleksey Pajitnov idi.

Sovetin texnologiyaya yanaşması da marksizm prinsiplərini özündə ehtiva edirdi. Bu da kapitalist ölkələrin texnologiya anlayışından fərqlənirdi. Məsələn, 1980-ci illərdə Qərb kompüter texnologiyasını fərdi istehlak məqsədli inkişaf etdirməyə başladı, nəticədə hər kəs kompüterə sahib olmaq imkanı əldə etdi. SSRİ isə şəxsi istehlak məsələsini arxa planda saxlayırdı, bu daha çox bəlli layihələr və strateji hədəflərdə istifadə olunurdu.

SSRİ-nin dağılması ilə yoxa çıxan sirlər

Qərb və SSRİ arasındakı fərqliliklər digər istiqamətlərdə də özünü göstərirdi. Məsələn, Qərbdə proqramlar BASIC və C kimi yazılış formaları üzərində hazırlandığı halda SSRİ-də bunların başqa bir forması olan ALGOL dili yayğın idi. SSRİ-də istehsal edilən kompüterlər də Qərbdəki ilə müqayisədə fərqli idi.

Məsələn, Qərbdə 0 və 1 formalı ikiölçülü (digital) sistemlə işləyə bilən kompüterlərin hazırlanması araşdırıldığı halda, SSRİ-də üçölçülü sistemin araşdırması aparılırdı. Lakin 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Sovet tipli kompüterlərin istehsalı və bir çox elmi-texnoloji sirlər də açılmamış qaldı. Bu barədə aparılan elmi araşdırmalardan günümüzə məhdud məlumatlar gəlib çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər