İyulun 31-də Prezident İlham Əliyevin sədrliyi və sırf sosial- iqtisadi bloku təmsil edən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, həmin sahələrin koordinasiyasını təşkil edən prezident köməkçilərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə dövlət büdcəsinin icrasından tutmuş bütün makroiqtisadi göstəricilər, iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması, ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması, sahibkarlıgın inkişafı ilə bağlı görülən tədbirlər, əhalinin dayanıqlı olaraq içməli suya, elektrik enerjisinə, qaza olan tələbatının ödənilməsi istiqamətində müzakirələr aparıldı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
O qeyd edib ki, gündəlikdə olan və digər məsələlərlə bağlı Prezident İlham Əliyev öz fikirlərini bildirdi və tapşırıqlarını verdi:
“Müşavirə kütləvi informasiya vasitələri, o cümlədən televiziyalar tərəfindən geniş işıqlandırıldı. Xalqımız mövcud vəziyyətlə bağlı tam məlumatlandırıldı. Ancaq özünü müxalifət adlandıran bəzi qüvvələr ənənələrinə sadiq qalaraq məsələnin mahiyyətinə deyil, formatına, yəni müşavirənin həmişə olduğu kimi geniş tərkibdə keçirilməməsinə iradlarını bildirirlər.
Cənablar, birincisi, istənilən müşavirənin hansı formatda keçirilməsi həmin təşkilatın rəhbərinin müstəsna səlahiyyətidir. İkincisi isə əsas format deyil, məzmundur. Hal-hazırda dünyada və regionda olduqca mürəkkəb proseslər gedir. Cənab Prezident mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək Azərbaycanı inamla inkişaf etdirir və keçdiyimiz bu yol bir daha göstərdi ki, vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır. Azərbaycanın xoşbəxt gələcəyi üçün yola davam etməliyik”.