"Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradan dərəcədə özünü göstərir".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxış edərkək deyib.
Onun sözlərinə görə, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platformanı təşkil edir: "Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Regionda olan ən böyük qitə dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir. Gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim etməkdədir".
YAP sədrinin müavini-icra katibi deyib ki, Asiya bir çox təzadlarla müşahidə olunan regiondur: "Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkəni narahat edən problemlər üzərində diskussiyaların aparılması regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük yük düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var".
Ə.Əhmədov vurğulayıb ki, Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı əhalinin tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır:
"Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsi ilə bağlıdır.
Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlərin geridə qalması İCAPP-ı düşündürən diskussiyaya səbəb olan cəhətlərdən biridir".
"Bizi narahat edən sabitliyin, əmin amanlığın, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil.
Lakin təəssüf ki, terrorizmin Asiya qitəsinin həyatında törətdiyi fəsadları müşahidə etməmək və insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCAPP bu sahədə olan problemləri aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir", - deyə o qeyd edib.