“Gürcüstanın sabiq daxili işlər naziri Georgi Qaxariya baş nazir təyin edildi. O, Gürcüstan cəmiyyəti tərəfindən birmənalı qəbul olunmur. Hakim Gürcü Arzusu partiyasının lideri, “boz kardinal” Bidzina İvanişvili Qaxariyanı bu posta gətirməklə nümayişkaranə şəkildə gürcülərin iradəsinə meydan oxudu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, təxminən bir ay əvvəl Tiflis küçələri məhz Qaxariyanın daxili işlər naziri postundan istefası tələbi ilə çalxalanırdı: “İvanişvili bununla göstərdi ki, o, xalqın etirazlarına məhəl qoymur və Kremlin göstərişini yerinə yetirir.
Hesab edirəm ki, yeni baş nazir ölkədə müsbətə doğru hərhansı bir islahat həyata keçirə bilməyəcək. Onun mesajları boş sözlərdən başqa heç nə deyil. Ölkəni faktiki olaraq Bidzina İvanişvili idarə edir”.
Yeni baş nazirin Azərbaycana münasibətinə gəlincə, Məhəmməd Əsədullazadənin fikrincə, münasibətləri əvvəlki kimi soyuq məcrada davam etdirəcək:
“Müsbət irəliləyişə doğru dəyişiklik gözləmirəm. Çünki Gürcüstanın mövcud siyasi sistemi anti-Azərbaycan qüvvələrindən ibadətdir. Bu və digər səbəblərə görə düşünürəm ki, İvanişvilinin bu seçimi onun cəmiyyət arasındakı aşağı reytinqini bir qədər aşağı çəkəcək və növbəti seçkilərdə onun şansını sıfıra yaxınlaşdıracaq”.